Samsung Electronics Tesla-nın avtonom idarəetmə sistemləri üçün hazırladığı AI5 çipinin dizaynını tamamlayıb. Sənaye mənbələrinin bildirdiyinə görə, çipin istehsalına şirkətin ABŞ-ın Texas ştatının Teylor şəhərində yerləşən yarımkeçirici zavodunda yaxın vaxtlarda başlanılacaq.
Məlumata əsasən, Samsung Foundry-nin aparıcı mühəndisi Ceyms Kimin sonradan silinən LinkedIn paylaşımında Tesla-Samsung AI5 çipinin tape-out mərhələsini uğurla başa vurduğu qeyd olunub. Tape-out çip dizaynının yekunlaşdırılaraq istehsal mərhələsinə təhvil verilməsi deməkdir.
Çip Samsung-un 2 nanometrlik istehsal texnologiyası ilə hazırlanacaq. Bu ilin aprel ayında Elon Musk da AI5 çipinin dizaynının istehsal üçün həm Samsung Electronics-ə, həm də Taiwan Semiconductor Manufacturing Company (TSMC) təqdim edildiyini açıqlamışdı.
AI5, hazırda Tesla avtomobillərində istifadə olunan və Samsung-un 7 nanometrlik texnologiyası ilə istehsal edilən AI4 avtonom idarəetmə kompüterinin varisi olacaq.
