Az | EN

Meta ABŞ-də 50 milyard dollarlıq yeni Sİ məlumat mərkəzi qurur

Nigar Sultanli
27 Avqust 2025 13:08
43 baxış
Meta ABŞ-də 50 milyard dollarlıq yeni Sİ məlumat mərkəzi qurur

Meta şirkəti ABŞ-nin Luiziana ştatında 50 milyard dollarlıq dəyərində yeni süni intellekt məlumat mərkəzi inşa edir. Bu, şirkətin indiyə qədər qurduğu ən böyük məlumat mərkəzi olacaq.

Tramp ötən gün etdiyi açıqlamada, Meta-nın Luiziananın Rişland Paris (Richland Parish) bölgəsində yerləşəcək yeni mərkəzə öyük investisiya yatıracağını bildirdi. Bu mərkəz Facebook və Instagram kimi platformalarda böyük həcmli məlumatların emalı və mürəkkəb hesablamalar üçün istifadə olunacaq.

Trampın bu açıqlamasına baxmayaraq, Meta hələlik rəsmi təsdiq və ya şərh verməyib.

Reuters-in bu ayın əvvəlində yayımladığı xəbərə görə, Meta məlumat mərkəzini genişləndirmək üçün PIMCO və Blue Owl Capital kimi böyük investisiya fondları ilə 29 milyard dollarlıq maliyyə paketi üzərində işləyir. Şirkət hələ keçən il bu layihəyə 10 milyard dollardan çox sərmayə qoyacağını açıqlamışdı.

Qeyd edək ki, Meta iyun ayında süni intellektlə bağlı işlərini "Superintelligence Labs" adlı yeni bir struktur altında yenidən təşkil etdi. Bu addım şirkətin son dövrdə yaşadığı bəzi yüksək səviyyəli menecer itkilərindən və açıq qaynaqlı Llama 4 modelinə olan zəif maraqdan sonra atılıb.

Mark Zukerberq keçən ay verdiyi açıqlamada, "Superintelligence" üçün yüz milyardlarla dollar xərcləyərək nəhəng süni intellekt məlumat mərkəzləri quracağını qeyd etmişdi. Bu nəhəng yatırım texnologiya nəhəngləri arasında mühəndis kadrları uğrunda gedən rəqabəti daha da qızışdırır.

 

© copyright 2022 | tech.az | info@tech.az