Meta şirkəti daxili və məxfi məlumatların kənara ötürülməsi ilə bağlı apardığı araşdırma nəticəsində təxminən 20 əməkdaşını işdən çıxarıb. Şirkətin verdiyi açıqlamada bildirilir ki, Meta işçilərinə ilk gündən və mütəmadi olaraq daxili məlumatların yayılmasının qaydalara zidd olduğunu xatırladır. “Son araşdırmalarımız nəticəsində şirkətdaxili məxfi məlumatları paylaşdığı aşkarlanan təxminən 20 nəfər işdən azad edilib. Bu proses davam edir və yeni sızmalar aşkar edildikcə daha çox əməkdaşın işdən çıxarılması gözlənilir. Biz bu məsələyə ciddi yanaşırıq və məxfi məlumatların qorunmasını prioritet hesab edirik,” – şirkət bildirib.
Bu qərar Meta-nın daxili iclaslarından və açıqlanmayan məhsul planlarından bəzi məlumatların mediaya və digər xarici mənbələrə sızmasından sonra verilib. Xüsusilə, Meta CEO-su Mark Zukerberqin rəhbərlik etdiyi son genişmiqyaslı iclasın detalları mediada yayıldıqdan sonra şirkət əməkdaşlarını ciddi şəkildə xəbərdar edib və sızmaların qarşısını almaq üçün tədbirlər görəcəyini bildirib.
Şirkətin baş texniki direktoru Endryu Bosuort Meta-nın artıq məlumat sızdıran şəxsləri müəyyən etməyə çox yaxın olduğunu vurğulayıb. Bu isə o deməkdir ki, gələcəkdə də yeni işdən çıxarılmalar ola bilər.