Meta şirkəti Avropa İttifaqının yeni süni intellekt (Sİ) tənzimləmələri ilə bağlı narahatlıqlarını açıqlayıb. Yayımlanan və ümumi məqsədli süni intellekt sistemləri üçün hazırlanan könüllü “Tətbiq Kodeksi”ni (Code of Practice of General Purpose AI) Meta hüquqi qeyri-müəyyənliklər və qanunun əhatə dairəsindən kənar maddələr ehtiva etdiyi üçün imzalamayacağını bildirib.
Meta-nın Qlobal Əlaqələr üzrə Baş Vitse-prezidenti (Chief Global Affairs Officer) Joel Kaplan LinkedIn hesabında paylaşdığı açıqlamada qeyd edib ki, Avropa Komissiyasının bu kodeksi süni intellekt modelləri üçün qanuni çətinliklər yaradır və AI Aktının tələblərindən daha geniş məsuliyyətlər qoyur. Onun sözlərinə görə, bu siyasət Avropadakı texnologiya şirkətlərini rəqabətdə geri qoya bilər.
Avropa İttifaqının yaxın gələcəkdə qüvvəyə minəcək Süni İntellekt Aktı çərçivəsində bu kodeks, şirkətlərin yeni qaydalara hazır olmalarını təşviq etmək məqsədi daşıyır. Hərçənd könüllü olsa da, imzalayan şirkətlər üçün inzibati yüklərin azalması və hüquqi aydınlıq təmin edilməsi kimi üstünlüklər vəd edilir.
OpenAI isə 11 iyulda bu sənədi imzalayacağını açıqlamışdı. Avropa Birliyi tərəfindən tətbiq ediləcək süni intellekt Aktı, ümumi məqsədli süni intellekt təminatçılarına təlim prosesləri, təhlükəsizlik riskləri və müəlliflik hüquqları sahəsində şəffaflıq öhdəlikləri qoyacaq. Qanunun pozulması halında isə şirkətlərə illik qlobal gəlirlərinin 7%-dək cərimə tətbiq oluna bilər.
Joel Kaplanın fikrincə, Avropanın hazırkı yanaşması süni intellektin inkişafını və yayılmasını məhdudlaşdıraraq texnologiya sahəsində rəqabət qabiliyyətini zədələyə bilər. Bu da Avropa texnoloji ekosisteminin beynəlxalq səviyyədə geri qalmasına səbəb ola bilər.