Az | EN

Meta səs texnologiyaları startapı “Play AI”ni satın aldı

Nigar Sultanli
14 İyul 2025 10:57
76 baxış
Meta səs texnologiyaları startapı “Play AI”ni satın aldı

Meta insan səsi kimi danışa bilən səslər yaradan Play AI startapını satın alıb. Bu barədə məlumatı Bloomberg yayıb və Meta-nın sözçüsü xəbəri təsdiqləyib. Bildirilir ki, Play AI-nin bütün komandası gələn həftə Meta-da işə başlayacaq.

Play AI süni intellekt texnologiyası vasitəsilə insan səsinə çox yaxın səslər yaradan bir platformadır. Bu texnologiya istifadəçilərə asanlıqla və qısa müddətdə təbii səsləndirmələr yaratmağa imkan verir. Meta bu texnologiyanı özünün süni intellekt məhsullarında – məsələn, Meta AI, virtual personajlar (AI Characters), ağıllı geyilə bilən cihazlar (wearables) və audio məzmun yaradılması sahələrində tətbiq etməyi planlaşdırır.

Meta son dövrlər süni intellekt sahəsinə ciddi investiyalar qoyur. Şirkət OpenAI-dən mühəndislər cəlb edir və Scale AI ilə əməkdaşlıq quraraq, bu şirkətin rəhbəri Aleksandr Vanqı Meta-da “superintellekt” komandası üçün rəhbər təyin edib.

Satınalma ilə bağlı maliyyə detalları açıqlanmayıb. Amma daha əvvəl Bloomberg bu iki şirkət arasında danışıqların getdiyini bildirmişdi.

Bu addım Meta-nın səs texnologiyalarına və daha real süni intellekt təcrübələrinə verdiyi önəmi göstərir. Gələcəkdə bu texnologiya istifadəçilərə daha təbii, insan səsinə yaxın süni intellektlə ünsiyyət qurmaq imkanı yaradacaq.

© copyright 2022 | tech.az | info@tech.az