Az | EN

Meta süni intellekt məlumat mərkəzləri üçün 29 milyard dollar investisiya axtarır

Nigar Sultanli
30 İyun 2025 15:56
57 baxış
Meta süni intellekt məlumat mərkəzləri üçün 29 milyard dollar investisiya axtarır

Meta, süni intellekt sahəsində rəqabət üstünlüyünü artırmaq və ABŞ-də yeni məlumat mərkəzləri qurmaq məqsədilə xüsusi investisiya fondlarından 29 milyard dollar məbləğində maliyyə dəstəyi almaq üçün danışıqlar aparır.

Şirkətin investisiya axtarışında olan tərəfdaşları arasında Apollo Global Management, KKR, Brookfield, Carlyle və Pimco kimi beynəlxalq nəhənglər yer alır. Meta əvvəlcə 3 milyard dollar öz kapitalını, daha sonra isə 26 milyard dollar kredit almağı planlaşdırır. Kredit strukturunun detalları hələ tam müəyyən edilməyib.

Son vaxtlar süni intellekt sahəsində rəqiblərindən geri qalan Meta, “Llama 4” dil modelinin gözlənilən nəticələri verə bilməməsi və əsas model “Behemoth”un çıxışının təxirə salınması səbəbindən strateji planlarını yeniləyib. CEO Mark Zuckerberg birbaşa bu prosesə müdaxilə edərək şirkətin məqsədini süni ümumi zəkanı ilk inkişaf etdirən qurum olmaq kimi müəyyən edib.

Bu istiqamətdə Meta böyük investisiya addımları atır. Bu ay şirkət, məlumat etiketləmə xidməti göstərən Scale AI-nin 49 faiz hissəsini təxminən 15 milyard dollara alıb və Scale AI CEO-su Alexandr Wang-ı süni zəka layihələrinə rəhbər təyin edib. Zuckerberg OpenAI-dən əməkdaşları öz komandasına cəlb etmək üçün 100 milyon dolları aşan maaş paketləri təklif edir və artıq yeddi OpenAI tədqiqatçısını transfer etməyə nail olub.

Meta-nın maliyyə hesabatına görə, illik kapital xərcləri 64-72 milyard dollar arasında artıb. Bu artımda əsas səbəb süni zəka üçün məlumat mərkəzlərinin qurulması və texnoloji infrastrukturun təkmilləşdirilməsi üçün sərf olunan vəsaitlərdir. Bundan başqa, şirkət iyun ayında İllinoys ştatında yerləşən nüvə elektrik stansiyasından 20 illik elektrik enerjisi alışı barədə razılığa gəlib.

Texnologiya nəhəngləri kimi Meta da böyük infrastruktur layihələrini maliyyələşdirmək üçün getdikcə daha çox xüsusi investisiya fondlarına üz tutur. Bu, yüksək xərcli layihələrin şirkət balansına birbaşa yük olmadan maliyyələşdirilməsini təmin edir. Oxşar şəkildə, OpenAI də Texasda Blue Owl ilə birgə 15 milyard dollarlıq məlumat mərkəzi layihəsini həyata keçirir və SoftBank ilə Oracle şirkətləri ilə birlikdə 500 milyard dollarlıq başqa bir böyük layihə üzərində işləyir.

© copyright 2022 | tech.az | info@tech.az