Meta şirkəti süni intellekt əsaslı səs texnologiyaları hazırlayan yeni startap WaveForms-u satın alıb. Satınalma məbləği açıqlanmayıb. Bu, Meta-nın süni intellekt sahəsində fəaliyyət göstərən "Superintelligence Labs" bölməsini gücləndirmək məqsədilə son zamanlarda etdiyi ikinci böyük alışdır. Bir ay əvvəl Meta PlayAI adlı başqa süni intellekt səs startapını da almışdı.
WaveForms şirkəti təxminən səkkiz ay əvvəl yaradılıb. Onlar Andreessen Horowitz investisiya şirkətindən 40 milyon dollar vəsait cəlb etmiş və bu, şirkətin dəyərini 160 milyon dollar səviyyəsinə qaldırmışdı.
Startapın həmtəsisçilərindən biri Aleksis Koneo keçmişdə həm Meta, həm də OpenAI-da çalışıb. OpenAI-da o, GPT-4o səs texnologiyasının hazırlanmasında iştirak edib. Digər təsisçi Korali Lemetr isə Google şirkətində reklam sahəsində mütəxəssis olub. Hər iki təsisçi artıq Meta şirkətində fəaliyyət göstərirlər.
Meta ilə razılaşmaya əsasən, şirkətin digər işçilərinin də Meta-ya qoşulub-qoşulmayacağı hələ açıqlanmır.
WaveForms-un rəsmi saytı hazırda bağlıdır. Lakin şirkətin LinkedIn səhifəsində göstərilir ki, onların əsas məqsədi insan və süni intellekt səslərini ayırd edə bilən “Speech Turing Test” üzərində işləməkdir. Həmçinin, şirkət insan emosiyalarını anlamaq və idarə etmək üçün “Emosional Ümumi Zəka” adlı layihə üzərində də çalışırdı.
Bu satınalma Meta-nın süni intellekt və səs texnologiyaları sahəsində daha güclü mövqeyə sahib olmaq strategiyasının bir hissəsidir.