Meta, məşhur şəkil və video yaratma proqramı Midjourney ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.
Bu razılaşmaya əsasən, Midjourney-in texnologiyası Meta-nın gələcək süni intellekt proqramlarına və məhsullarına birləşdiriləcək. Meta-nın süni intellekt direktoru Aleksandr Vanq bildirib ki, bu əməkdaşlıq insanlara daha yaxşı məhsullar təqdim etmək üçün aparılan strategiyanın hissəsidir.
Bu tərəfdaşlıq Meta-ya, OpenAI-ın Sora, Google-un Veo və digər qabaqcıl süni intellekt alətləri ilə rəqabət edə biləcək yeni şəkil və video yaratma proqramları hazırlamağa imkan verəcək.
Qeyd edək ki, Meta keçən il Imagine adlanan öz şəkil yaratma alətini Facebook, Instagram və Messenger-ə əlavə etmişdi. Həmçinin, şirkətin mətnə əsasən video hazırlayan Movie Gen süni intellekt proqramı da mövcuddur.
Bildirilir ki, Meta-nın digər böyük süni intellekt şirkətləri ilə də danışıqlar apardığı və hətta Midjourney-i almaq barədə planları olduğu iddia edilir.