İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Azərbaycan HR İnstitutu ilə birgə “İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda xüsusi məlumat sessiyası təşkil edib. Tədbirdə dövlət və özəl sektoru təmsil edən 50-dən çox insan resursları rəhbəri, kadr mütəxəssisi və sahə üzrə ekspertlər iştirak ediblər.
Sessiyanın əsas hədəfi kadr idarəçiliyində rəqəmsal xidmətlərin tətbiqini genişləndirmək və “mygov” platformasının imkanlarını nümayiş etdirmək olub. Görüş zamanı işə qəbul və rəsmiləşdirmə proseslərinin rəqəmsallaşdırılmasının həm təşkilatlar, həm də vətəndaşlar üçün işi necə sadələşdirdiyi müzakirə edilib. İştirakçılara “mygov” vasitəsilə əldə olunan məhkumluq və iş yerindən arayışlar, diplom, hərbi bilet, nikah və doğum haqqında məlumatlar kimi sənədlərin rəqəmsal təqdimatı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu xidmətlər proseslərdə dəqiqliyi artırmaqla yanaşı, sürət və məlumat təhlükəsizliyini də təmin edir.
Tədbirdə həmçinin dövlət və özəl sektor arasında əməkdaşlığın dərinləşdirilməsi və rəqəmsal idarəetməyə keçid məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Təşkilatçılar gələcəkdə insan resursları sahəsində rəqəmsal bacarıqların inkişafı və innovativ həllərin tətbiqini dəstəkləmək məqsədilə bu cür təşəbbüslərin davamlı olacağını bildiriblər.
