İnnovasiya Rəqəmsal İnkişaf Agentliyinin proqramları çərçivəsində 165 MVP mərhələsində startaplar qurulub. Bu barədə məlumatı Azərbaycan İnnovasiya Mərkəzinin açılışında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov bildirib.
O, “Son illərdə Azərbaycan bu prinsiplərə dayanaraq innovativ potensialını gücləndirmək istiqamətində ciddi addımlar atıb. Ölkədə 2023-2024-cü illərdə İRİA tərəfindən dəstəklənmiş 20 inkubasiya və akselerasiya proqramına 600-dən çox komanda müraciət edib, 165 minimal işlək məhsulu olan startap ərsəyə gəlib. Qarşıdakı illərdə hədəf aktiv innovativ layihə sayını 500-ə çatdırmaqdır.” sözlərini deyib.
Samir Məmmədov həmçinin, çıxışında innovasiya mərkəzlərinin gələcəkdə Gəncə və Sumqayıt şəhərlərində də yaradılacağını vurğulayıb.
Azərbaycan İnnovasiya Mərkəzi (AİM) ölkədə yaradıcılıq və texnologiyanı bir araya gətirərək qlobal arenada ölkəmizin inkişafına töhfə verəcək mərkəzdir. AİM iştirakçılarına mütəxəssislərlə əlaqə qurmaq, pulsuz tədbirlərdə iştirak etmək, biznes ideyalarını həyata keçirmək və inkubasiya ilə akselerasiya proqramlarında layihələrini inkişaf etdirmək üçün unikal imkanlar təqdim edir. Bununla yanaşı, virtual rezidentlər üçün xüsusi güzəştlər, qlobal səviyyədə tanınma imkanı verən “roadshow”larda iştirak da mümkündür. Azərbaycanın innovasiya gələcəyinə mühüm addımlar atmağı hədəfləyən bu mərkəz, texnoloji inkişaf və yaradıcılıq sahəsində öncül olmaq istəyən hər kəs üçün açıqdır.