Az | EN

OpenAI Çin şirkətlərini süni intellekt texnologiyasını mənimsəməkdə ittiham edir

Nigar Sultanli
29 Yanvar 2025 17:09
263 baxış
OpenAI Çin şirkətlərini süni intellekt texnologiyasını mənimsəməkdə ittiham edir

OpenAI, Çin şirkətlərinin ABŞ-ın süni intellekt texnologiyalarından istifadə edərək öz modellərini inkişaf etdirməyə cəhd etdiklərini iddia edib və bunun qarşısını almaq üçün ciddi addımlar atacağını açıqlayıb. Şirkət ABŞ hökuməti ilə birlikdə mümkün milli təhlükəsizlik risklərini araşdırmaq niyyətindədir. Reuters-in məlumatına görə, bu açıqlama Ağ Evin Çin mənşəli DeepSeek-in ABŞ üçün potensial təhlükə ola biləcəyini bildirməsindən sonra gəlib. Ağ Evin süni intellekt və kriptovalyuta siyasətinə cavabdeh rəsmisi Devid Saks, Fox News-a verdiyi müsahibədə bildirib ki, Çin şirkətləri "distillə" adlı üsuldan istifadə edərək OpenAI modellərindən öyrənə bilər.

Çində 2023-cü ildə yaradılan DeepSeek açıq mənbəli süni intellekt modelləri üzərində işləyir. 2024-cü ildə startap, məntiqi düşünmə qabiliyyəti olan R1 modelinin ilkin versiyasını, 2025-ci ilin yanvarında isə tam versiyasını təqdim edib. Şirkət iddia edir ki, R1 modeli proqramlaşdırma, riyaziyyat və məntiq sahələrində OpenAI-nin o1 modeli ilə eyni, hətta daha yaxşı performans göstərir. DeepSeek böyük marağa səbəb olub. App Figures-in məlumatına görə, 25 yanvar tarixinə qədər tətbiq 1,6 milyon dəfə yüklənib. Lakin şirkət kiberhücum səbəbindən yeni istifadəçilərin qeydiyyatını müvəqqəti dayandırıb.

DeepSeek-in uğuru Nvidia və AMD kimi texnologiya şirkətlərinin səhmlərinə mənfi təsir edib. İnvestorlar DeepSeek-in səmərəli model təlimi və işləmə üsulu ilə çiplərə olan tələbatın azalmasından narahatdırlar. Bununla belə, bəzi ekspertlər bazardakı təşvişin əsassız olduğunu düşünür. Yanvarın 28-də DeepSeek tətbiqi ABŞ App Store-da birinci yerə yüksəldikdən sonra Rusiyada da ən çox yüklənən tətbiq olub. Rusiya Google Play reytinqində isə DeepSeek hazırda pulsuz xidmətlər arasında yeddinci yerdədir.

© copyright 2022 | tech.az | info@tech.az