Az | EN

OpenAI Hindistan istifadəçiləri üçün "ChatGPT Go"nu pulsuz edib

Nigar Sultanli
28 Oktyabr 2025 12:00
57 baxış
OpenAI Hindistan istifadəçiləri üçün "ChatGPT Go"nu pulsuz edib

OpenAI şirkəti, Hindistanda daha çox istifadəçi cəlb etmək məqsədilə "ChatGPT Go" tarif planına bir illik pulsuz abunəlik təklif edir. "Büdcəli" versiya kimi təqdim olunan bu xidmətin normal aylıq qiyməti təxminən 5 ABŞ dollarıdır.

TechCrunch-ın yazdığına görə, kampaniyaya qatılmaq üçün qeydiyyatdan keçən bütün istifadəçilər, o cümlədən hazırda "ChatGPT" abunəçisi olan şəxslər pulsuz giriş əldə edəcəklər. Bu aksiya 2025-ci ilin 4 noyabr tarixindən etibarən başlayacaq, lakin OpenAI onun nə qədər davam edəcəyini dəqiqləşdirməyib.

Bu, şirkətin bütün Sİ inkişaf etdiriciləri üçün "əsas bazar" sayılan Hindistanda yeni istifadəçiləri cəlb etmək cəhdidir. Rəqib şirkətlər — Google və Perplexity — də hindistanlı istifadəçilər üçün oxşar təkliflər irəli sürüblər. Məsələn, Google Hindistan tələbələrinə "Gemini AI Pro" proqramına illik abunəliyi pulsuz edib. Perplexity isə Hindistanın "Bharti Airtel" mobil operatorunun təxminən 360 milyon abunəçisinin hər birinə bir illik pulsuz giriş verib.

Xatırladaq ki, ayda təxminən 5 dollar (təxminən 8.5 AZN) olan "ChatGPT Go" tarif planı ilk dəfə 2025-ci ilin avqust ayında məhz Hindistanda istifadəyə verilib. Bu başlatma sayəsində ölkədə "ChatGPT"nin ödənişli abunəçilərinin ümumi sayı bir ay ərzində iki dəfədən çox artıb. Hərçənd OpenAI dəqiq rəqəmləri açıqlamayıb.

Qeyd edək ki, 2025-ci ilin payızında "ChatGPT Go" tarif planı əvvəlcə İndoneziyada, daha sonra isə 16 digər ölkədə istifadəyə təqdim edilib. Bu "büdcəli" planın abunəçiləri, pulsuz versiya ilə müqayisədə Sİ modellərindən istifadə və şəkil yaratma limitlərini on dəfəyə qədər artırılmış şəkildə əldə edirlər.

© copyright 2022 | tech.az | info@tech.az