Az | EN

OpenAI investisiya məsləhətləri verən Sİ tətbiqi "Roi"ni satın alıb

Nigar Sultanli
06 Oktyabr 2025 12:52
66 baxış
OpenAI investisiya məsləhətləri verən Sİ tətbiqi "Roi"ni satın alıb

OpenAI şəxsi maliyyə və investisiya məsləhətləri verən Sİ tətbiqi olan "Roi"ni satın alıb. Bu satınalma xəbərini "Roi"nin həmtəsisçisi və baş icraçı direktoru (CEO) Sujith Vishwajith özünün X sosial media hesabından elan edib.

"TechCrunch"un məlumatına görə, "Roi"nin dörd nəfərdən ibarət olan komandasından yalnız CEO Vishwajith OpenAI-ın heyətinə qatılacaq. Razılaşmanın maliyyə tərəfi gizli saxlanılsa da, "Roi" tətbiqi 15 Oktyabr tarixindən etibarən istifadəçilərə xidmət göstərməyi dayandıracaq.

2022-ci ildə Nyu-Yorkda yaradılan "Roi", istifadəçilərin səhmlərdən tutmuş kriptovalyutalara, daşınmaz əmlakdan NFT-lərə qədər bütün maliyyə portfelini vahid tətbiqdə birləşdirir və fərdi xüsusiyyətlərinə uyğun investisiya təklifləri hazırlayırdı. Tətbiqin əsas cəlbediciliyi, istifadəçilərə özlərinə məxsus ünsiyyət dili və tonunu seçmək imkanı verməsi idi.

Vishwajith, "Roi"ni yaratmaqda məqsədlərinin "investisiyanı hamı üçün əlçatan etmək" olduğunu qeyd edib. O, zaman keçdikcə fərdiləşdirmənin təkcə maliyyənin deyil, bütün proqram təminatlarının əsas gələcəyi olduğunu anladığını bildirib.

Bu yanaşma OpenAI-ın hazırkı strategiyası ilə tamamilə uzlaşır. Şirkət, son dövrlərdə "Pulse" kimi fərdi xəbər tətbiqləri, video platforması "Sora" və istifadəçilərin ChatGPT vasitəsilə birbaşa alış-veriş etməsini təmin edən "Instant Checkout" kimi alətlər inkişaf etdirərək, sırf API təminatçısı olmaqdan çıxıb birbaşa istehlakçıya yönəlik məhsullar bazarına daxil olmağı hədəfləyir.

Bu strategiyanın gücləndirilməsi üçün, OpenAI qısa müddət əvvəl istehlakçı tətbiqləri komandasına rəhbərlik etmək üçün keçmiş "Instacart" CEO-su Fidji Simonu dəvət etmişdi.

Son aylarda "Context.ai", "Crossing Minds" və "Alex" kimi startapları da əldə edən OpenAI, bu yeni satınalma ilə həm məhsulların fərdiləşdirilməsi, həm də istifadəçi ilə qarşılıqlı əlaqə bacarıqlarını daha da artırmış olur.

© copyright 2022 | tech.az | info@tech.az