OpenAI şəxsi maliyyə sahəsində fəaliyyət göstərən Hiro Finance startapını satın alıb. Şirkətin qurucusu Ethan Bloch bu barədə açıqlama verib. Razılaşmanın maliyyə detalları açıqlanmayıb.
Hiro Finance fəaliyyətini 20 aprel tarixində dayandıracaq, istifadəçi məlumatları isə 13 mayda tam silinəcək. Startapın əməkdaşlarının OpenAI-ə qoşulacağı bildirilir. Şirkət 2023-cü ildə yaradılmış və süni intellekt əsaslı maliyyə planlaşdırma xidməti təqdim edirdi. İstifadəçilər gəlir, borc və xərclərini daxil edərək müxtəlif maliyyə ssenarilərini analiz edə bilirdi.
Bu alış daha çox “acqui-hire” kimi qiymətləndirilir, yəni əsas məqsəd texnologiyadan çox komandanın cəlb edilməsidir. Qeyd edək ki, Ethan Bloch daha əvvəl yaratdığı Digit layihəsini 2021-ci ildə 200 milyon dollardan çox məbləğə satmışdı.
Ekspertlər hesab edir ki, bu addım OpenAI-in biznes və maliyyə sahəsində süni intellekt imkanlarını genişləndirmək strategiyasının bir hissəsidir.
