Az | EN

OpenAI musiqi yaradan süni intellekt üzərində işləyir

Cəmil Hüseynzadə
25 Oktyabr 2025 23:34
43 baxış
OpenAI musiqi yaradan süni intellekt üzərində işləyir

Amerikalı texnologiya şirkəti OpenAI, musiqi yarada bilən yeni süni intellekt modeli üzərində işləyir. Bu barədə The Information mənbələrə istinadla məlumat yayıb.

Yeni layihə çərçivəsində OpenAI ABŞ-ın ən nüfuzlu incəsənət və musiqi təhsil müəssisələrindən biri olan Culliard Məktəbi (The Juilliard School) ilə əməkdaşlıq edir. Şirkət və təhsil müəssisəsi birlikdə musiqi notlarını rəqəmsal formada etiketləyərək onları AI təlim məlumatları kimi istifadə etməyi planlaşdırır.

Yeni model vasitəsilə “sıfırdan” musiqi yaratmaq, yaxud da mövcud vokal səsinə alət müşayiəti (məsələn, gitara) əlavə etmək mümkün olacaq. Bu texnologiya OpenAI-yə Suno və Udio kimi musiqi generasiya platformaları ilə rəqabət aparmaq imkanı verə bilər.

Layihə barədə hələ ki, ətraflı məlumat açıqlanmayıb. Naməlumdur ki, yeni sistem ChatGPT və ya Sora ilə inteqrasiya olunacaq, yoxsa ayrıca tətbiq kimi təqdim ediləcək. OpenAI məsələ ilə bağlı rəsmi şərh verməyib.

Xatırladaq ki, şirkət bundan əvvəl də musiqi yaradan modellər təqdim edib — 2019-cu ildə MuseNet, 2020-ci ildə isə Jukebox adlı neyron şəbəkələr vasitəsilə instrumental və vokallı musiqilər yarada bilən sistemlər nümayiş olunmuşdu.

© copyright 2022 | tech.az | info@tech.az