OpenAI, süni intellekt (Sİ) sahəsində sürətlə artan emal gücünə olan ehtiyacını qarşılamaq üçün AMD şirkəti ilə on milyardlarla dollar dəyərində yeni çip alqı-satqısı müqaviləsi imzalayıb.
Sazişin ən diqqətçəkən bəndi odur ki, OpenAI, təxminən $270 milyard bazar dəyərinə malik olan AMD-nin 10 faiz səhminə şərik olmaq hüququ əldə edəcək.
San Fransisko mərkəzli bu Sİ nəhəngi, AMD-dən ümumilikdə 6 qiqavat gücə bərabər olan çip alışı həyata keçirəcək. OpenAI rəhbərləri qeyd ediblər ki, 1 qiqavat gücün tətbiqi təxminən $50 milyard xərc tələb edir və bu məbləğin üçdə ikisi çiplərə, qalanı isə infrastruktur xərclərinə sərf olunur.
Bu razılaşma, NVIDIA-nın OpenAI üçün $100 milyardlıq investisiya planını elan etməsindən cəmi iki həftə sonra imzalanıb. Bu yeni əməkdaşlıq, sektorun aparıcı oyunçuları arasındakı güc balansını yenidən formalaşdıra biləcək xarakter daşıyır. Xəbərin yayılmasından dərhal sonra AMD səhmləri birja əməliyyatlarına başlamazdan əvvəl 15 faiz bahalaşıb.
Sazişin şərtlərinə həmçinin, OpenAI-ın AMD-nin gələn il bazara çıxarılacaq MI450 prosessorlarını satın alması da daxildir. MI450, NVIDIA-nın Blackwell seriyası ilə rəqabət aparacağı gözlənilən ən təkmil süni intellekt çiplərindən biri kimi önə çıxır. Mənbələr OpenAI-ın son həftələrdə AMD ilə birgə bu çiplərin texniki detallarını müəyyənləşdirdiyini bildirir.
AMD-nin Maliyyə Direktoru (CFO) Jean Hu, bu əməkdaşlığın "hər iki şirkət üçün əhəmiyyətli strateji uyğunluq" yaratdığını deyib. OpenAI-ın CEO-su Sem Altman isə, bu tərəfdaşlığı "süni intellektin həqiqi potensialını açmaq üçün zəruri emal gücünü yaratma yolunda böyük bir addım" kimi qiymətləndirib.