Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ prezidenti Donald Tramp, Sam Altman, Masayoşi Son və Lerri Ellisonla bir araya gəlib. Görüş zamanı ABŞ-da süni intellekt mərkəzli infrastruktur layihələri və məlumat mərkəzləri qurmaq məqsədilə həyata keçirilən The Stargate Project adlı layihənin ilk təqdimatı keçirilib.
Trampın müşayiəti ilə çıxış edən üçlünün təmsil etdiyi şirkətlər – OpenAI, SoftBank və Oracle, gələn dörd il ərzində ümumilikdə 500 milyard dollar sərmayə yatırılacaq bu layihənin əsas investorları olacaq. OpenAI əməliyyatlarını gücləndirmək məqsədilə başladılan The Stargate Project, həmçinin Arm, Microsoft və NVIDIA kimi OpenAI tərəfdaşlarının dəstəyini də alacaq.
Sam Altmanın verdiyi məlumata görə, layihə çərçivəsində ilk məlumat mərkəzinin tikintisinə Texasda başlanılıb. Eyni zamanda digər ştatlarda da uyğun yerlərin axtarışı davam edir. Rəsmi açıqlamalara əsasən, ümumilikdə 20 məlumat mərkəzinin tikintisi planlaşdırılır. Bu mərkəzlər və əlaqəli işlərin isə 100.000 nəfərlik yeni iş yeri yaratması gözlənilir.
Mətbuat konfransı zamanı Sam Altman, Donald Trampa təşəkkür edərək belə deyib:
“Cənab Prezident, siz olmasaydınız, bunu reallaşdıra bilməzdik.”
Masayoşi Son isə belə əlavə edib:
“Seçkilərdə qalib gəlməsəydiniz, bu layihəyə başlamaq qərarını verməzdik.”