OpenAI şirkətinin 2029-cu ilə qədər olan xərc proqnozları 115 milyard dollara yüksəlib. "The Information" nəşrinin məlumatına görə, bu rəqəm şirkətin 2025-ci ilin birinci rübündə verdiyi proqnozdan 80 milyard dollar daha çoxdur. Şirkətin 2030-cu il üçün gözlənilən gəliri isə 200 milyard dollara çatacaq.
Xərc artımının əsas səbəbləri açıqlanıb. Məsələn, 2025-ci ildə OpenAI-ın xərcləri 1.5 milyard dollar artaraq 8 milyard dollara çatacaq. 2026-cı ildə isə xərclərin iki dəfə artaraq 17 milyard dollara çatacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 10 milyard dollar çoxdur.
Bu artımın ən böyük hissəsi süni intellekt (AI) modellərinin öyrədilməsinə sərf ediləcək. Belə ki, 2025-ci ildə bu məqsədlə 9 milyard dollar, 2026-cı ildə isə 19 milyard dollar xərclənməsi planlaşdırılır.
Artan xərcləri idarə etmək üçün OpenAI öz çiplərini və data mərkəzlərini yaratmağa hazırlaşır. Bu yaxınlarda "Financial Times" xəbər vermişdi ki, şirkət Broadcom ilə birlikdə 10 milyard dollarlıq çip istehsalına başlamağı planlaşdırır.
Gəlirlər üçün isə şirkətin 2030-cu ilə qədər gözləntiləri 15% artaraq 200 milyard dollara yüksəlib. OpenAI həmçinin, ödənişsiz ChatGPT istifadəçilərindən əldə ediləcək gəlirləri artırmağı hədəfləyir, lakin bunun hansı yollarla ediləcəyi hələ ki, açıqlanmayıb.