OpenAI şirkəti, proqram kodlarındakı boşluqları aşkar etmək üçün “Aardvark” süni intellekti istifadəyə verib. Bu sistemin əsas məqsədi, kodlarda hakerlərin istifadə edə biləcəyi səhvləri, boşluqları müəyyən etməkdir. Ən yeni GPT-5 texnologiyası əsasında yaradılan Aardvark, proqramçıların kodlarını saxladığı bazalara qoşularaq tamamilə avtonom şəkildə kodu analiz etməyə başlayır.
Sistem bir boşluq aşkar etdikdə, dərhal onun həqiqətən təhlükəli olub-olmadığını yoxlayır. Bunun üçün həmin kod parçası əsas proqramdan ayrı, xüsusi "izolyasiya olunmuş" mühitdə sınaqdan keçirilir. Yalnız səhvin təhlükəli olduğu təsdiqləndikdən sonra, Aardvark hər bir problemin risk səviyyəsini əks etdirən ətraflı hesabat hazırlayır. Bu mərhələdən sonra isə işə OpenAI-nin "Codex" adlı digər süni intellekt modeli qoşulur və tapılan zəifliklərin aradan qaldırılması üçün hazır həll yolları və düzəlişlər təqdim edir.
Şirkətin açıqlamasına görə, sınaqlar zamanı Aardvark təhlükəsizlik zəifliklərinin tam 92%-ni uğurla müəyyən edib və OpenAI artıq bir neçə aydır ki, öz daxili proqramlarının təhlükəsizliyi üçün bu sistemdən istifadə edir. Onu da qeyd etmək lazımdır ki, Aardvark hələlik hər kəs üçün açıq deyil. Proqram tam hazır olmadığı üçün "qapalı beta-test" mərhələsindədir, yəni ondan yalnız xüsusi müraciət edərək icazə almış məhdud sayda istifadəçi yararlana bilər.
 
					 
					





