OpenAI, video yaratmaq üçün hazırlanmış yeni modelini – Sora 2-ni və istifadəçilərin bu texnologiyadan faydalana biləcəyi "Sora" iOS mobil tətbiqini təqdim etdi. Tətbiq ilkin mərhələdə yalnız ABŞ və Kanada istifadəçiləri üçün dəvətnamə sistemi ilə işə başlayacaq.
Yeni Sora 2 modeli əvvəlki versiyadan daha təkmil imkanlara malikdir. O, obyektlərin hərəkətini və görüntüləri daha realistik şəkildə yaradır. Beləliklə, Sİ videolarında tez-tez müşahidə olunan qeyri-ardıcıllıqlar və "reallığın pozulması" bu modeldə xeyli azaldılıb.
"Sora" tətbiqi istifadəçilərə sadəcə video yaratmaqla kifayətlənmir, həm də bir neçə maraqlı funksiya təklif edir: Siz başqalarının videolarını redaktə edə biləcəksiniz. Ən diqqətçəkən funksiya isə "Cameo" adlanır. Bu funksiya sayəsində istifadəçilər öz hesablarını təsdiqlədikdən sonra öz simalarını və görünüşlərini Sİ tərəfindən yaradılan səhnələrə asanlıqla yerləşdirə biləcəklər.
OpenAI tətbiqdə istifadəçi təhlükəsizliyinə xüsusi önəm verir. Şirkət uşaqlar üçün valideyn nəzarəti və gündəlik məzmun yaratma limitləri kimi tədbirlər tətbiq edir. Tətbiq əvvəlcə pulsuz olacaq, lakin yüksək tələbat olacağı təqdirdə, OpenAI əlavə Sİ video istehsalı üçün ödənişli paketləri nəzərdən keçirəcək. Həmçinin, ChatGPT Pro abunəçiləri xüsusi Sora 2 Pro xüsusiyyətlərindən yararlana biləcəklər.
					