San Fransiskoda keçirilən böyük sənaye konfransı şəhərin bütün otellərini doldurmuşdu. Bu, kirayə haqqını ödəyə bilməyən iki gənc dizayner dostu, Brayan Çeski və Co Geybə üçün fürsət yaratdı. Beləliklə, qərara gəldilər ki, mənzillərinin boş hissəsini konfransa gələn qonaqlar üçün kirayəyə versinlər. Cəmi üç ədəd şişmə döşək alıb qonaqları qəbul etdilər və onlara səhər yeməyi təklif etdilər.
Bu sadə addım, sonradan Airbnb adını alacaq böyük şirkətin təməlini qoydu. Bu, təkcə pul qazanmaq üçün bir yol deyildi, bu, tanış olmayan insanları bir araya gətirmək, hekayələr paylaşmaq və insanlara öz evlərinin qapılarını açmaq üçün yaranan yeni bir fəlsəfə idi.
Airbnb-nin ilkin illəri rədd cavabları ilə dolu idi. Bir çox investor, o cümlədən məşhur Y Combinator-ın təsisçisi Pol Qraham, bu ideyanı "inanılmaz dərəcədə axmaq" adlandırmışdı. Digər investorlar da "Kim tanımadığı birinin evində qalmaq istəyər ki?" deyərək bu fikrin heç vaxt uğurlu olmayacağını düşünürdülər. Otel sənayesinin nəhəngləri isə bu startapı özləri üçün rəqib kimi görmürdülər, çünki bu kiçik layihənin böyüyəcəyinə inanmırdılar.
Lakin Brayan, Co və onlara qoşulan Natan Bliçarçik üçün bu, sadəcə iş deyil, missiya idi. Onlar belə düşünürdülər ki, insanlar standart, cansıxıcı otel otaqlarından beziblər. Səyyahlar yerli mədəniyyəti, həqiqi həyatı yaşamaq istəyirlər. Airnbn bu boşluğu doldurmaqla həm insanlara evlərini kirayəyə verərək gəlir əldə etmək, həm də səyyahlara unikal və yaddaqalan təcrübələr yaşamaq imkanı yaratdı.
Ancaq Airbnb-nin hekayəsi həmişə uğurla davam etmədi. Bu yolun ən qaranlıq nöqtələrindən biri 2011-ci ildə baş verdi. Bir ev sahibinin evi kirayəyə götürən şəxslər tərəfindən dağıdılıb qarət olundu. Bu hadisə həm mediada, həm də ictimaiyyətdə böyük səs-küyə səbəb oldu. İnsanlar haqlı olaraq "Kim tanımadığı birini evinə buraxar ki?" sualını yenidən gündəmə gətirdi. Bu hadisə Airnbn-nin etibarlılığını sarsıtdı, çünki şirkət o zaman bu cür hallardan sığortalanmaq üçün mexanizm təklif etmirdi.
Bu ciddi böhrandan sonra Brayan Çeski şəxsən üzr istədi və "Ev Sahibi Zəmanəti" (Host Qarante) proqramını təqdim etdi. Bu proqramla Airbnb ev sahiblərinin mülkünü bir milyon dollara qədər sığortalayacağını bəyan etdi.
Ancaq şirkətin qarşılaşdığı yeganə çətinlik cinayət halları deyildi. Airbnb-nin böyüməsi ilə, bəzi böyük şəhərlərdə mənzil bazarı ilə bağlı yeni problemlər meydana çıxdı. Bələdiyyələr qeyd edirdi ki, insanların evlərini qısa müddətə turistlərə kirayəyə verməsi uzunmüddətli kirayə evlərinin sayını azaldır və bu, şəhərdə kirayə qiymətlərinin kəskin artmasına səbəb olur. Nyu-York, Paris və Berlin kimi şəhərlər buna qarşı çıxaraq Airbnb fəaliyyətini məhdudlaşdıran qanunlar qəbul etdi. Airbnb bu problemi həll etmək üçün hökumətlərlə əməkdaşlıq etməyə başladı, məlumatları bölüşdü və hər bir şəhərin öz qaydalarını müəyyən etməsinə imkan verdi. Bu, platformanın yerli icmalarla daha yaxşı inteqrasiya olunmasına kömək etdi.
Airbnb-nin digər problemi isə onun istifadəçiləri arasında irqivə milli ayrı-seçkilik iddiaları ilə bağlı idi. Bir çox istifadəçi, xüsusən də qaradərili insanlar, ev sahibləri tərəfindən irqlərinə görə rədd edildiklərini iddia edirdilər. Sosial şəbəkələrdə #AirbnbWhileBlack (Airbnb-də Qaradərili ikən) etiketi ilə geniş kampaniyalar başladı. Bu hadisə Airbnb-nin dəyərlərinə zidd idi. Problemi həll etmək üçün şirkət platformada diskriminasiyaya qarşı daha sərt siyasət tətbiq etdi, profillərdəki məlumatların görünüşünü dəyişdirdi və ev sahiblərinin qəbul etdiyi və rədd etdiyi sifarişlər üzərində monitorinq apardı. Bu, Airbnb-nin sadəcə biznes yox, həm də sosial məsuliyyət daşıyan bir şirkət olduğunu göstərən mühüm addım idi. Bu yolla onlar öz platformalarında daha ədalətli və inklüziv mühit yaratmağa çalışdılar.
Bu gün Airbnb sadəcə startap deyil, dünya səyahət sənayesinin gedişatını dəyişən bir nəhəngdir. Milyonlarla ev sahibi və qonaq bu platformaya etibar edir. Onların hekayəsi, sadə bir ideyanın, böyük çətinliklərə baxmayaraq, necə uğurlu bir işə çevrildiyinin bariz nümunəsidir. Brayan Çeski bir müsahibəsində demişdi: "Sizin ideyanızın qəribə olduğuna inanırlarsa, deməli, düzgün yoldasınız." Erbienbi-nin hekayəsi bu sitatın ən yaxşı sübutudur.