Az | EN

PLATMA startapı Qazaxıstanda 2 milyon dollar investisiya alıb

Cəmil Hüseynzadə
11 Sentyabr 2024 14:30
704 baxış
PLATMA startapı Qazaxıstanda 2 milyon dollar investisiya alıb

Qazaxıstanın EA Group investisiya holdinqi PLATMA startapına 500 min dollar sərmayə qoyub. Bu raundda ABŞ-ın Almaz Capital investisiya fondu, Murat Abdrəhmanov, Tumar Venture Fund, bir sıra biznes mələkləri və digər fondlar da iştirak edib. Ümumi investisiya məbləği 2 milyon dollar təşkil edib və startapın dəyəri 20 milyon dollar olaraq qiymətləndirilib. Startap bu ilin fevral ayında Azərbaycanın ilk vençur fonu "Caucasus Ventures"dan da investisiya almışdı.

Xatırladaq ki, PLATMA, proqram təminatının hazırlanması və proqramlaşdırma bacarığı olmayan istifadəçilər üçün biznes proseslərinin avtomatlaşdırılması üzrə "AI Extreme No-Code" platformasıdır. Bu məhsul hər hansı bir iş yerinə inkişaf etdirici komanda olmadan rəqəmsal həllər yaratmaq imkanı verir.

Startapın ən böyük ofisi BƏƏ-də yerləşir və komanda ABŞ, Ukrayna, Kipr, Portuqaliya və digər ölkələrdə fəaliyyət göstərir. 2024-cü ildə PLATMA və PLATMA Academy Qazaxıstanda öz ofislərini açıb. Hazırda platformada 10 000-dən çox qeydiyyatlı istifadəçi var və bir neçə min tətbiq yaradılıb. PLATMA Academy Qazaxıstanda Astana Hub, Fund Fusion, MOST BI kimi şirkətlərlə əməkdaşlıq edir. Platformanın müştəriləri arasında BƏƏ, Ukrayna, Qazaxıstan, Türkiyə, Azərbaycan, Sloveniya və digər ölkələrdən olan şirkətlər var.

EA Group investisiya holdinqi PLATMA-nın pre-seed maliyyələşdirmə raundunda əsas investor kimi iştirak edib və 500 min dollar sərmayə qoyub. ABŞ-ın Almaz Capital fondu da eyni məbləği investisiya edib.

"PLATMA-ya investisiya qoyuluşumuz qlobal potensiala malik innovativ texnologiyaları dəstəkləmə strategiyamıza tam uyğundur. Biz əminik ki, PLATMA proqram təminatının inkişafına yanaşmanı dəyişdirəcək və onu daha geniş auditoriyaya əlçatan edəcək. Üstəlik, şirkətin Qazaxıstanda fəaliyyət göstərməsi və ölkəmizin IT sektoruna töhfə verməsi bizi çox sevindirir," – EA Group investisiya holdinqinin CEO-su Erik Aubakırov bildirib.

PLATMA üçün əsas bazar kiçik və orta biznes sektoru olsa da, müştərilər arasında böyük müəssisələr və IT inteqratorları da var ki, bu servisdən istifadə edərək müştərilərinin biznes proseslərini rəqəmsallaşdırmağa kömək edir.

"PLATMA-da biz rəqəmsal transformasiyanı hər bir biznes üçün əlçatan edirik. Bizim həllərimiz şirkətlərə mürəkkəb inkişaf etdiricilərə ehtiyac olmadan proseslərini avtomatlaşdırmağa imkan verir. Bu xüsusilə dünya üzrə bütün şirkətlərin 90%-ni təşkil edən mikro və kiçik bizneslər üçün vacibdir. Bu bizneslər çox vaxt rutin işlərdən əziyyət çəkir və kifayət qədər rəqəmsallaşma həyata keçirə bilmirlər. Təsəvvür edin ki, bu şirkətlər öz vaxtlarının 70%-ni azad edərək onu böyüməyə yönləndirə bilsələr, bu əsl inqilab olar. Biz inanırıq ki, alətlərimiz bu istiqamətdə kömək edəcək və sahibkarlar üçün yeni imkanlar açacaq," – PLATMA-nın həmtəsisçisi Yaroslav Koloqrivov bildirib.

© copyright 2022 | tech.az | info@tech.az