Süni intellekt sahəsində yeni bir "məntiqi düşüncə" modeli olan "QwQ-32B-Preview" təqdim edilib. Bu model, "OpenAI"ın "o1" modelinə rəqib olan nadir modellərdən biridir və ilk dəfə icazəli lisenziya ilə yükləmək üçün əlçatan olub.
Model, "Alibaba" şirkətinin "Qwen" komandası tərəfindən hazırlanıb və 32,5 milyard parametri özündə birləşdirir. Eyni zamanda, bu model təxminən 32.000 sözdən ibarət mətnləri analiz edə bilir. "QwQ-32B-Preview" bəzi göstəricilər üzrə "OpenAI"nin "o1-preview" və "o1-mini" modellərindən daha üstün performans göstərir. Parametrlərin sayı süni intellekt modelinin problem həll etmə qabiliyyətinə təsir edir və daha çox parametri olan modellər problem həll etmədə adətən daha yaxşı nəticələr göstərir. "OpenAI" şirkəti öz modellərinin parametr sayını açıqlamır.
"Alibaba"nın testlərinə görə, "QwQ-32B-Preview" "AIME" və "MATH" testlərində "OpenAI"ın "o1" modellərini üstələyir. Belə ki, "AIME" digər süni intellekt modelləri vasitəsilə test edilən süni intellektin performansını qiymətləndirir, "MATH" isə mətn əsaslı riyazi məsələlərdən ibarət bir testdir.
"Alibaba"nın yeni modeli , məntiqi tapmacaları həll etmək və çətin riyazi suallara cavab vermək qabiliyyəti sayəsində diqqət çəkir. Lakin model hələ də tam mükəmməl səviyyədə deyil. "Alibaba" öz bloq yazısında qeyd edir ki, "QwQ-32B-Preview" bəzi hallarda gözlənilmədən cavab verdiyi dili dəyişdirə, döngəyə düşə və "adi məntiqi düşüncə" tələb edən tapşırıqlarda zəif nəticə göstərə bilər.
Əksər süni intellekt modellərindən fərqli olaraq, "QwQ-32B-Preview" və digər "məntiqi düşüncə" modelləri həm də əldə etdikləri faktların doğruluğunu effektiv şəkildə yoxlayır. Bu, modellərə adətən faktların doğruluğu ilə bağlı yaranan problemlərdən yayınmaqda kömək edir. Lakin, faktların yoxlanmasının mənfi tərəfi odur ki, həllərə çatmaq daha çox vaxt tələb edir. "OpenAI"ın "o1 modelinə bənzər şəkildə, "QwQ-32B-Preview" tapşırıqları həll edərkən məntiqi düşünür, əvvəlcədən planlaşdırır və cavabları tapmaq üçün bir sıra hərəkətlər həyata keçirir.
"QwQ-32B-Preview" modeli "Hugging Face" süni intellekt tərtibat platformasından yüklənə və idarə oluna bilər. Bu model, yaxınlarda təqdim edilmiş "DeepSeek" məntiqi düşüncə modelinə bənzər şəkildə, müəyyən siyasi mövzularda ehtiyatlı nəticələr təqdim edir. "Alibaba" və "DeepSeek", Çin şirkətləri olduğuna görə yeni modellərin cavabları "sosialist dəyərləri əks etdirməsi" səbəbilə ölkənin internet tənzimləyicisi tərəfindən qiymətləndirilməlidir. Bir çox Çin süni intellekt sistemləri, "Xi Jinping" rejimi haqqında, siyasi tənzimləyicilərin narazılığına səbəb ola biləcək mövzularda cavab verməkdən imtina edir.