"Amazon" süni intellektlə ayaqlaşmaq və "Alexa"nın yeni və daha ağıllı versiyasını hazırlamaq üçün bu sahədəki şirkətə 8 milyard dollar sərmaye yatırıb.Belə ki, şirkət bu gün "Claude AI" istehsalçısı "Anthropic-ə daha 4 milyard dollar sərmayə qoyacağını elan edib və bununla da ümumi sərmayə məbləği 8 milyard dollara çatıb. Yatırılan bu son sərmayə keçən ilin sentyabr ayındakı 1,25 milyard dollarlıq və bu ilin mart ayındakı 2,75 milyard dollarlıq sərmayələrin davamıdır.
"Amazon" həmçinin blog yazısında qeyd edib ki, "Amazon Web Services" "Anthropic"in "əsas təlim tərəfdaşı" olacaq. "OpenAI"ın rəqibi olan şirkət, gələcək modelləri üçün "Trainium" və "Inferentia" çiplərindən istifadə edəcək.
"Amazon"un "Anthropic"ə sərmayəsi və tərəfdaşlığının inkişafı, "Reuters"in daha əvvəl verdiyi məlumatlarla üst-üstə düşür. Belə ki, "Claude", "Amazon"un "Alexa" səsli köməkçisini inkişaf etdirəcək. Təkmilləşdirilmiş "Alexa"nın təqdimatı geciksə də "Claude" ilə hazırlanan sistemin "Amazon"un daxili modeli ilə müqayisədə daha yaxşı performans göstərdiyi bildirilir. Yenilənmiş "Alexa" funksiyasının 2025-ci ildə istifadəyə veriləcəyi gözlənilir.
Buna baxmayaraq, "Amazon" süni intellekt texnologiyaları ilə yarışda "Microsoft" və "OpenAI" kimi rəqiblərindən geri qalmaq riski ilə üzləşib. Yeni "Alexa" sistemində "Amazon" daha danışıq tərzində və təbii səs tonu vəd edib, bu da "OpenAI"nin "ChatGPT" səs sisteminə bənzəyir. Lakin bəzi beta istifadəçiləri "Alexa"nın cavablarının yavaş, qeyri-təbii və təsirsiz olduğunu bildiriblər. Hətta işıqları yandırmaq əmrini icra etməkdə belə çətinlik çəkdiyi qeyd olunub.