Meta-nın “X” (keçmiş Twitter) rəqibi olan Threads platforması yeni funksiyaları çox sürətlə təqdim etməyə davam edir. “İcma” və “itən paylaşımlar” (ghost posts) xüsusiyyətlərinin ardınca, tətbiq bu dəfə istifadəçilərə söhbətlərin idarəsinə daha çox nəzarət imkanı verən yeni alətləri istifadəyə buraxıb.
Yeni xüsusiyyətlərdən biri olan “cavab təsdiqi” (reply approvals) istifadəçilərə paylaşdıqları yazılara gələn cavabları ictimaiyyətə göstərilməzdən əvvəl təsdiqləmək imkanı verir.
Əvvəllər Threads digər sosial şəbəkələr kimi, cavabları yalnız izlədiyiniz şəxslərlə, sizi izləyənlərlə və ya yazıda qeyd etdiyiniz istifadəçilərlə məhdudlaşdırmaq imkanı verirdi. Yeni funksiya isə bütün istifadəçilərə açıq cavabları saxlamağa, eyni zamanda mənfi və ya mövzudan uzaq şərhlərin qarşısını almağa imkan yaradır.
Meta bildirir ki, bu alətlər istifadəçilərə “söhbətin tonunu müəyyənləşdirməyə” və qarşılıqlı əlaqədə daha çox seçim azadlığına sahib olmağa kömək edəcək. Beləliklə, Threads açıq müzakirələri təşviq etsə də, idarəetmə gücünü paylaşım müəllifində saxlayır.
Bununla yanaşı, şirkət aktivlik lentində yeni filtr funksiyalarını da təqdim edir. Bu filtrlər sayəsində istifadəçilər yalnız izlədikləri şəxslərin cavablarını, yaxud öz adlarını qeyd edən cavabları daha asan şəkildə görə biləcəklər. Mövcud filtr seçimlərinə “Təsdiqlənmiş”, “Sitatlar”, “Yenidən paylaşımlar” və digər kateqoriyalar da daxildir.
Meta-nın bu həftəki III rüb maliyyə hesabatında açıqladığı məlumata görə, Threads artıq 150 milyon gündəlik aktiv istifadəçiyə çatıb (2024-cü ilin dekabrında bu rəqəm 100 milyon idi). Avqustda isə platformanın aylıq aktiv istifadəçi sayı 400 milyonu keçmişdi.
Platforma böyüdükcə Meta Threads üzərindən gəlir əldə etmə mexanizmlərini də sürətlə inkişaf etdirir. Artıq reklamlar qlobal miqyasda aktivləşdirilib, və şirkət video reklamların tətbiqinə hazırlaşır.
Eyni zamanda, Threads istifadəçi təcrübəsini fərdiləşdirmək istiqamətində yeni testlər aparır. Instagram rəhbəri Adam Mosserinin sözlərinə görə, hazırda istifadəçilərə öz maraqlarına uyğun mövzuları əlavə və ya silməklə alqoritmi tənzimləməyə imkan verən nəzarət vasitələri sınaqdan keçirilir.
