Az | EN

Rəşad Əzizov Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin edilib

Cəmil Hüseynzadə
30 Aprel 2025 14:30
118 baxış
Rəşad Əzizov Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin edilib

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.

Tech.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.

Rəşad Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr, 2003-cü ildən isə Sankt-Peterburq Dövlət Universitetində aspirantura və doktorantura pillələrini bitirib. 2017-ci ildə "İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tədqiqat" mövzusunda elmi işi müdafiə edərək "hüquq elmləri doktoru" elmi dərəcəsini alıb.

2022-23-cü illərdə Milan Politexnik Universitetində dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb.

İnformasiya və rəqəmsal inkişaf sahələri üzrə elmi araşdırmalar aparan R.Əzizov 6 kitab, 2 monoqrafiya, ölkəmizdə və xaricdə elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin müəllifidir.

O, bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb, 20 ildən artıq dövlət qulluğu stajı var. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

2012-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində informasiya və elektron hüquq, innovasiya və rəqəmsal inkişaf, mədəniyyət sahəsində biznesin idarəedilməsi fənləri üzrə müəllim kimi fəaliyyət göstərib. 2013-cü ildən "Azərbaycan Şən və Hazırcavablar Klubu"nun rəhbəridir.

Son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb. Nazirlik tərəfindən son illərdə həyata keçirilən mədəniyyət və yaradıcı sənayelər üzrə bir sıra layihələrin, eyni zamanda, "Baku Cinema Breeze" Beynəlxalq Film Festivalı və "Şərq ölkələri kino sənayesi bazarı"nın reallaşdırılmasında yaxından iştirak edib. Mədəniyyət Nazirliyi yanında "Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi" üzrə Ekspert Şurasının üzvüdür.

"Mədəniyyət Nazirliyinin "eCulture" Rəqəmsal İnkişaf Strategiyası", mədəni və yaradıcı sənayelərin təsnifatlaşdırılması, "Azərbaycan Respublikası Kino Agentliyinin film istehsalının dəstəyi üzrə müsabiqə qaydaları", "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi (ribeyt) qaydaları" və digər normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edib.

© copyright 2022 | tech.az | info@tech.az