İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi müxtəlif təhsil təşəbbüsləri çərçivəsində bu günədək 10 minə yaxın məzun hazırlanıb.
Bunu bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq intensiv təhsil proqramı olan "IT SkillSprint" layihəsinin bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, Agentliyin həyata keçirdiyi təhsil təşəbbüsləri təhsil, praktiki təcrübə və məşğulluq arasında davamlı əlaqənin qurulmasına yönəlib: "Məqsəd tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, real layihələrdə iştirak etməsi və əmək bazarına hazır mütəxəssis kimi formalaşmasıdır. Bu məqsədlə sənayenin ehtiyaclarına uyğun kadr hazırlığını təşviq edən "Hire and Train" modeli tətbiq edilir. Model çərçivəsində beynəlxalq texnologiya şirkətlərinin iştirakı ilə yerli mütəxəssislər hazırlanır və konkret layihələrə cəlb olunur".
R. Həsənov bildirib ki, həyata keçirilən layihələr ölkədə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına, rəqəmsal bacarıqların inkişafına və əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasına xidmət edir.
