Az | EN

Rəşad Nəbiyev startap təsisçiləri ilə görüşüb

Cəmil Hüseynzadə
06 Fevral 2026 13:31
116 baxış
Rəşad Nəbiyev startap təsisçiləri ilə görüşüb

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev startap təsisçiləri və ekosistem nümayəndələri ilə növbəti görüşünü keçirib. Görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov və Caucasus Ventures fondunun rəhbəri Məmməd Kərim də iştirak ediblər.

Görüş zamanı Azərbaycanda startap ekosisteminin mövcud vəziyyəti, qarşıda duran çağırışlar və inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Startap təsisçiləri öz təcrübələrini bölüşüb, innovativ təşəbbüslərin təşviqi və ekosistemin daha dayanıqlı inkişafı üçün təkliflərini səsləndiriblər. Bu təkliflər əsasında dövlətin göstərə biləcəyi dəstək mexanizmləri, o cümlədən maliyyələşmə, tənzimləyici mühit və institusional əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə startap təsisçiləri -  Glorri startapının təsisçisi Anar Qasımov, Nextoolun təsisçisi Cəfər Nəcəfov, Payriffin həmtəsisçisi Xəyal Məmmədov, Lilitopianın təsisçisi Ülvi Aslanov, Mementonun təsisçisi Baba Ağayev, Receptanın təsisçisi Rauf Heydərov, 2Schoolun təsisçisi Mustafa Hüseynov, Glacies Biomeun təsisçisi Nihat Əliyev, Dostynin təsisçisi Ayaz Əhmədov, Dynamic Boxun həmtəsisçisi Yaqub Mehdiyev və Push30un həmtəsisçisi Adil Qasım iştirak ediblər.

Qeyd edək ki, bu görüşlər silsilə xarakter daşıyır. Ötən ay nazir Rəşad Nəbiyev Silikon Vadisində fəaliyyət göstərən azərbaycanlı startap təsisçiləri ilə görüşmüş, onların qlobal bazarlarda üzləşdiyi çətinliklər və imkanlar barədə birbaşa müzakirələr aparmışdı. Bundan əlavə, bir neçə il əvvəl də nazir yerli ekosistem nümayəndələri ilə analoji görüşlər keçirmiş, startap mühitinin formalaşması ilə bağlı ilkin problemləri və ehtiyacları dinləmişdi.

Bu cür görüşlərin əsas məqsədi ekosistemi birbaşa dinləmək, real problemləri sahə iştirakçılarının özündən eşitmək və qərarvermə prosesində bu rəyləri nəzərə almaqdır. Müşahidələrə əsasən, hazırkı mərhələdə bu dialoqun praktik nəticələrə çevrilməsi və startap ekosistemində mövcud problemlərin həllinə yönəlmiş proseslərin daha sürətli icra olunacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az