Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına görə, Azərbaycan əhalisinin 25 %-i minimal rəqəmsal biliklərə malikdir.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, qalan əhali arasında beş modul üzrə müəyyən çatışmazlıqlar mövcuddur:
“Ən böyük problem təhlükəsizlik komponenti ilə bağlıdır. Rəqəmsallaşma bir çox imkanlar yaratmaqla yanaşı, yeni təhlükələr də doğurur. Bunlardan biri də informasiya və kibertəhlükəsizlik məsələsidir. Hazırda ölkə əhalisinin 25 %-i təhlükəsizlik sahəsində minimal tələblərə cavab vermir. Xüsusi qeyd etmək lazımdır ki, bu 25 % insan internetdən aktiv istifadə edir, lakin təhlükəsizlik qaydalarına əməl etmir. Bu isə onları potensial hədəfə çevirir”.
R. Xalıqov əlavə edib ki, bu problemlərin həlli üçün Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir:
“Hazırda "myGov" platformasında 1 milyondan çox insan rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edir. Eyni zamanda, ölkədə 3 milyondan çox insan biometrik əsaslı elektron imzaya malikdir”.
Report