Data mərkəzləri üç kateqoriyaya bölünəcək
Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin sahə üzrə qərargahı məlumat mərkəzlərinin (Data Center) pilotsuz uçuş aparatlarından və digər hava təhdidlərindən kompleks müdafiəsi ilə bağlı tövsiyələri təsdiqləyib. Kommersant nəşrinin məlumatına görə, qaydalar mülkiyyət formasından asılı olmayaraq, layihələndirilən, tikilən və fəaliyyətdə olan bütün data mərkəzlərinə şamil ediləcək.
Tədbirlər ölkənin müxtəlif bölgələrində “Yandex”, Sberbank və VK-ya məxsus beş data mərkəzinə dron hücumlarından sonra hazırlanıb. Sənədə əsasən, obyektlər əhəmiyyət dərəcəsinə görə üç kateqoriyaya bölünəcək: strateji əhəmiyyətli mərkəzlərdən tutmuş, zədələnməsi genişmiqyaslı nəticələrə səbəb olmayacaq korporativ infrastruktura qədər.
Tövsiyələrə data mərkəzlərinin havadan görünürlüğünün azaldılması, konstruksiyaların möhkəmləndirilməsi, server zallarının, soyutma və enerji təchizatı sistemlərinin zərbə dalğası və qəlpələrdən qorunması daxildir. Həmçinin radioelektron vasitələrdən və hava təhdidlərinə qarşı sistemlərdən istifadə, eləcə də kritik xidmətlərin ehtiyat nüsxələrinin yaradılması nəzərdə tutulur.
Tədbirlərin əlaqələndirilməsi üçün vahid situasiya mərkəzinin yaradılması, operatorların Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rosqvardiya və təcili yardım xidmətləri ilə əməkdaşlığının gücləndirilməsi də təklif edilir.
Sahə nümayəndələrinin qiymətləndirməsinə görə, bu tədbirlər inflyasiya nəzərə alınmadan provayderlərin xidmətlərini təxminən 10% bahalaşdıra bilər. Konkret həllər obyektin xüsusiyyətlərindən asılı olacaq: bəzi mərkəzlərdə mühəndis maneələri və antidron torları, digərlərində isə lokal radioelektron mübarizə sistemləri və coğrafi baxımdan paylanmış ehtiyat infrastruktur tələb oluna bilər.
Yeni infrastrukturun yaradılması 6–12 ay çəkə bilər. Sektor nümayəndələri elektrik enerjisinin bahalaşmasını, avadanlıq çatışmazlığını və yüksək əsas faiz dərəcəsini də əlavə çətinliklər kimi qeyd edirlər.
