Az | EN

Rusiyada avtomobil istehsalı kəskin azalıb

Bənövşə Kazımova
28 Fevral 2023 16:24
491 baxış
Rusiyada avtomobil istehsalı kəskin azalıb

Ötən il Rusiyada avtomobil istehsalı əvvəlki illə müqayisədə 60% azalıb. Bu barədə sənaye və ticarət nazirinin müavini Albert Kərimov məlumat verib. 

Müavinin açıqlamasına görə, Rusiyada cəmi 620 min avtomobil istehsal edilib. Bu rəqəm isə 2021-ci illə müqayisədə 60 faiz azdır. İstehsal, əsasən, minik avtomobillərinin payına düşüb. Belə ki, Rusiyada 450 min minik avtomobili istehsal edilib. Bu göstərici də əvvəlki illə müqayisədə 67% azdır. Avtomobil istehsalının kəskin azalması qərb istehsalçılarının Rusiya bazarından geri çəkilməsi və Ukrayna ilə müharibənin başlanmasından sonra avtomobil hissələrinin tədarükü ilə bağlı problemlərlə əlaqədardır.

Avropa Müəssisələri Assosiasiyası (AEB) bildirir ki, Rusiya avtomobil bazarına ən çox təsir edən əsas amillər sanksiyaların təzyiqi, təchizat zəncirinin pozulmasıdır. Paralel idxal isə hələ avtomobil bazarı üçün arzu olunan səviyyəyə çatmayıb. Maraqlısı isə budur ki, Rusiyada Qərb şirkətlərinin yerini artıq Çin istehsalçıları doldurmağa başlayıb. 2022-ci ildə ölkədəki Çin avtosalonlarının sayı mini keçib ki, bu da ölkədəki bütün ixtisaslaşdırılmış mağazaların üçdə biri deməkdir.

Hətta bununla əlaqədar, Rusiyada ən böyük Çin avtomobil markalarından ibarət Çin Avtomobil İstehsalçıları Assosiasiyası yaradılıb. Assosiasiya Rusiya istehlakçıları üçün yeni avtomobil markalarının sistemli və effektiv təşviqi ilə məşğul olacaq.

© copyright 2022 | tech.az | info@tech.az