Az | EN

Şimali Koreyada 2 milyard dollardan çox kriptovalyuta oğurlayıb

Nigar Sultanli
08 Oktyabr 2025 21:47
41 baxış
Şimali Koreyada 2 milyard dollardan çox kriptovalyuta oğurlayıb

Şimali Koreya hakerləri 2025-ci ildə indiyədək 2 milyard dollardan çox kriptovalyuta oğurlayıblar. Elliptic blokçeyn analitik şirkətinin oktyabrın 7-də dərc etdiyi məlumata görə, bu rəqəm hələ ilin bitməsinə üç ay qalmış, bir il ərzində qeydə alınan ən yüksək məbləğdir. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə 1.35 milyard dollar təşkil etmişdi.

Elliptic-in hesablamalarına əsasən, 2017-ci ildən bəri Şimali Koreya rejiminin mənimsədiyi kripto aktivlərinin ümumi həcmi 6 milyard dollardır. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Kim Çen In rejimi beynəlxalq sanksiyalardan yan keçərək oğurlanan bu vəsaitlərdən nüvə silahı proqramını maliyyələşdirmək üçün istifadə edir.

Mütəxəssislər, hakerlərin strategiyasında əsaslı dəyişikliklərin baş verdiyini bildirirlər. Əvvəlki hücumlarda əsasən blokçeyn platformalarındakı texniki boşluqlar istismar edilirdisə, 2025-ci ildəki oğurluqların böyük əksəriyyəti sosial mühəndislik hücumları vasitəsilə həyata keçirilib. Bu o deməkdir ki, kiber cinayətkarlar kriptovalyutaya çıxış əldə etmək üçün təşkilatların işçilərini manipulyasiya edərək onları aldatmağa üstünlük verirlər. Bu tendensiya, kriptovalyuta təhlükəsizliyində ən zəif həlqənin texnologiyanın özü deyil, insan amili olduğunu bir daha sübut edir.

Bu ilki rekordun formalaşmasında əsas rolu Bybit kripto birjasından baş vermiş kütləvi oğurluq oynayıb; Federal Təhqiqatlar Bürosu (FBI) daxil olmaqla, bir çox qurum tərəfindən Şimali Koreyaya aid edilən bu hücum nəticəsində 1.4 milyard dollardan çox vəsait mənimsənilib.

 

© copyright 2022 | tech.az | info@tech.az