Sinqapur hökuməti kiberdələduzluğa qarşı sərt addım atıb — parlament yeni qanun dəyişikliyini qəbul edib. Yeni qaydalara əsasən, internet fırıldaqçılığı törədənlər 6-dan 24-ə qədər qamçı zərbəsi ilə cəzalandırıla bilər.
Qərar 2025-ci ilin ilk yarısında kibercinayətlərin kəskin artması fonunda qəbul olunub. Bu müddətdə on minlərlə fırıldaq hadisəsi qeydə alınıb, ümumi zərər 385 milyon dollardan çox olub. Zərərçəkənlər arasında tələbələr, təqaüdçülər və kiçik biznes sahibləri var.
Sinqapurun daxili işlər naziri Sim Enn bildirib ki, “bu cəzalar internetdə cinayət edənlər üçün ciddi xəbərdarlıq olacaq”. Qamçı zərbələri xüsusi təlim keçmiş əməkdaşlar tərəfindən icra ediləcək.
Qanuna əsasən, qadınlar, azyaşlılar və 50 yaşdan yuxarı kişilər bu cəzadan azad ediləcəklər. Beynəlxalq hüquq müdafiə təşkilatları qərarı sərt adlandırsa da, Sinqapur hökuməti tədbirin vətəndaşların təhlükəsizliyi naminə əsaslı olduğunu bildirir.
