Yaponiyanın SoftBank Group şirkəti ABŞ-nin çip istehsalçısı "Ampere Computing"i 6,5 milyard dollara almaq üçün razılığa gəlib. Bu razılaşma, "SoftBank"ın süni intellekt və məlumat mərkəzləri sahəsindəki mövqeyini gücləndirmək məqsədi daşıyır.
Ampere Computing 2017-ci ildə keçmiş Intel prezidenti Renée James tərəfindən yaradılıb və Arm texnologiyasına əsaslanan yüksək performanslı çiplərin inkişafına ixtisaslaşıb. Şirkət Kaliforniyanın Santa Clara şəhərində yerləşir və təxminən 1000 mühəndisə malikdir.
Bu razılaşma "SoftBank"ın Arm Holdings şirkətinin əsas səhmdarı olması və Ampere Computing-in Arm texnologiyasından istifadə etməsi səbəbindən strateji əhəmiyyət kəsb edir. Lakin, bu alqı-satqı hələ tənzimləyici orqanların, o cümlədən ABŞ-ın antimonopoliya xidməti və Xarici İnvestisiyaların Təftişi Komitəsinin təsdiqini gözləyir.
Əgər razılaşma baş tutarsa, Ampere Computing SoftBank-ın tam mülkiyyətində olan bir törəmə şirkətinə çevriləcək, adını və Kaliforniyadakı qərargahını qoruyacaq. Əməliyyatın 2025-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır.