Az | EN

“SpaceX”in bazar dəyəri 400 milyard dollara çatdı – yeni səhmdar satışına başlanılır

Nigar Sultanli
16 İyul 2025 15:18
54 baxış
“SpaceX”in bazar dəyəri 400 milyard dollara çatdı – yeni səhmdar satışına başlanılır

İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti öz dəyərini 400 milyard ABŞ dolları kimi qiymətləndirərək investorlar üçün yeni tender təklifi təqdim edib. Bu barədə Bloomberg agentliyi məsələ ilə tanış mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, SpaceX mövcud səhmdarların bir hissəsinə şirkətdəki paylarını satmağa imkan verəcək yeni bir səhmdar satışını müzakirə edir. Səhmlərin bir ədədinin 212 ABŞ dolları qiymətində təklif olunması nəzərdə tutulur. Bu halda şirkətin ümumi bazar dəyəri 400 milyard dollara çatacaq.

Hazırda satışa çıxarılacaq səhmlərin dəqiq həcmi açıqlanmayıb. Əqdin yekun ölçüsü həm satıcıların marağından, həm də investorların tələbindən asılı olacaq. Satışın əsas məqsədlərindən biri ilkin investorların mənfəətlərini reallaşdırmasına imkan yaratmaqdır.

Bu qiymətləndirmə SpaceX-in dünyanın ən yüksək dəyərə malik özəl şirkəti statusunu bir daha möhkəmləndirir. Şirkət bu mövqedə Çin texnologiya nəhəngi ByteDance və süni intellekt sahəsində lider olan OpenAI-ı geridə qoyur — hər iki şirkət hazırda təxminən 300 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, 2024-cü ilin dekabrında SpaceX-in dəyəri 350 milyard dollar idi. Yeni təklif şirkətin kosmik texnologiyalar və peyk rabitəsi (xüsusilə Starlink) sahəsindəki sürətli inkişafını və bazarda artan tələbi əks etdirir.

SpaceX-in hazırkı dəyəri və aktiv investisiya fəaliyyəti onun kommersiya kosmik uçuşları və qlobal internet xidmətlərindəki liderliyini daha da gücləndirir.

© copyright 2022 | tech.az | info@tech.az