Açıqlanan məlumata görə, SpaceX Los-Ancelesdə yerləşən Vast startapı ilə dünyanın ilk kommersiya kosmik stansiyasını quracaq.
SpaceX stansiyanın əsas modulu olan Haven-1-i 2025-ci ilin avqustunda aşağı Yer orbitinə göndərmək üçün Falcon 9 raketindən istifadə edəcək.
Haven-1-ə tezliklə daha böyük Vast-1 modulu, ardınca isə dörd astronavtı olan SpaceX Crew Dragon kosmik gəmisi qoşulacaq. Ekipaj daha sonra Crew Dragon kapsulu ilə Yerə qayıtmadan əvvəl təxminən 30 gün əsas stansiyada yaşayıb işləyəcək. Mövzu ilə bağlı SpaceX-in meneceri Tom Ochinero “Siz kommersiya astronavtları ilə birlikdə kommersiya raketindən istifadə edəcəksiniz. Biz aşağı Yer orbitinin gələcəyi kimi gördüyümüz bu irəliləyiş üçün Vast ilə əməkdaşlıq edirik” sözlərini qeyd edib.
2021-ci ildə kosmik məskunlaşma texnologiyaları üzrə mütəxəssis kimi qurulan Vast startapı ilk missiyada dörd oturacağın hamısını satacaq. Onun müştəriləri arasında yerli və beynəlxalq kosmik agentliklərin və elm layihələrində iştirak edən fərdi şəxslərin olması gözlənilir. Qeyd edək ki, qiymət hələ açıqlanmayıb.
SpaceX dörd ekipaj üzvünə Falcon 9-da Crew Dragon uçuşu, həmçinin kosmik gəminin içərisində evə dönüşlə bağlı təlim keçəcək. Beynəlxalq Kosmik Stansiya 2031-ci ildə istismardan çıxarılsa da, özəl şirkətlər astronavtların aşağı Yer orbitində yaşamağa və işləməyə davam edə bilməsi üçün öz stansiyaları ilə işə başlamağı planlaşdırır.