Az | EN

Telegram-ın Kripto Aktivlərinin Dəyəri 1,3 Milyard Dollara Yüksəldi

Cəmil Hüseynzadə
26 Noyabr 2024 17:37
39 baxış
Telegram-ın Kripto Aktivlərinin Dəyəri 1,3 Milyard Dollara Yüksəldi

2024-cü ilin oktyabr ayında Telegram investorlara verdiyi məlumatda Pavel Durovun həbsinin Telegram-ın işinə əhəmiyyətli təsir etmədiyini açıqlayıb. Şirkət Durovun sahib olduğu kripto aktivlərin qiymətinin artması ilə dəstəkləndiyini bildirir. Financial Times nəşrinə görə, şirkətin maliyyə hesabatı əsasında, Telegram-ın kripto aktivlərinin dəyəri 2023-cü ilin sonunda 400 milyon dollardan 2024-cü ilin birinci yarısında 1,3 milyard dollara yüksəlib. Bu artış və Toncoin-in satışından əldə olunan gəlirlər şirkətə "maliyyə ehtiyatı" yaratmağa imkan verib.

2024-cü ilin birinci yarısında şirkət kripto aktivlərinin satışından 353 milyon dollar əldə edib, sonradan isə 348 milyon dollar dəyərində rəqəmsal valyuta satıb. Hesabatda həmçinin qeyd olunur ki, Telegram "Toncoin-in əhəmiyyətli miqdarına sahibdir və onun qiymət dəyişikliklərinə məruz qalır".

Hesabatın nəticələrinə görə, 2024-cü ilin birinci yarısında Telegram-ın gəliri 525 milyon dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 190% artım göstərir. Gəlirin yarısı, yəni 225 milyon dollar, adının açıqlanmadığı bir şirkətlə həyata keçirilən razılaşmadan əldə edilib. Bu razılaşma çərçivəsində Telegram, Toncoin-i yalnız reklam almaq üçün istifadə edilən eksklüziv valyuta halına gətirmək qarşılığında "mükafat" alıb. Lakin bu razılaşma 1 oktyabr 2024-cü ildə ləğv edilib.

Reklam gəlirləri əvvəlki ilə müqayisədə iki dəfə artaraq 120 milyon dollar olub, Premium abunəlik gəliri isə 32 milyon dollardan 119 milyon dollara yüksəlib. Şirkətin yarımillik qazancı isə 335 milyon dollar təşkil edib. Müqayisə üçün, 2023-cü ilin ümumi gəliri 342 milyon dollar, əməliyyat zərəri isə 108 milyon dollar olmuşdu. Financial Times-ın qeyd etdiyi kimi, Telegram "ilk illik qazancına doğru irəliləyir".

© copyright 2022 | tech.az | info@tech.az