Az | EN

Telegram istifadəçi adlarını satışa çıxarıb

Bənövşə Kazımova
28 Oktyabr 2022 10:05
643 baxış
Telegram istifadəçi adlarını satışa çıxarıb

Telegram Telegram Open Network (TON) blokçeynində qurulmuş yeni bazarının rəsmi istifadəyə verildiyini elan edib. Bazar istifadəçilərin qeyri-adi Telegram istifadəçi adlarını əldə edə biləcəyi hərrac platforması kimi fəaliyyət göstərəcək.

Bu ideya ilk dəfə avqust ayında tətbiqin yaradıcısı Pavel Durov-un Telegram kanalında səsləndirilib. Verilən açıqlamaya görə, istifadəçi adları artıq TON blokçeynində qurulmuş bir bazar vasitəsilə həm fərdi istifadəçilər, həm də kanallar üçün satışa çıxarılır.

Əlavə edək ki, Web 3.0 çərçivəsində əhəmiyyətli layihələrdən biri olaraq görülən TON blokçeynində ötən aylarda keçirilən hərraclarda Wallet.ton və Casino.ton kimi domen adları ümumi qiyməti 500 min dollara qədər satılıb.

Verilən açıqlamada həmçinin @bank, @game, @club və buna bənzər abbreviaturaların TON-da hərrac yolu ilə satılacağı məlum olub. Telegram ilkin mərhələdə dörd və beş hərfli adların satışı ilə başlayacaq və bütün istifadəçilər üçün daha qısa istifadəçi adları əlçatan olacaq. Bu hərrac bir həftə davam edəcək və mümkün minimum qiymət 10.000 Toncoin təşkil edəcək. Bu rəqəm isə təxminən 18 400 dollara uyğundur. Təbii ki, hərrac üçün minimum olaraq müəyyən edilən bu dəyər istifadəçi adının əhəmiyyətindən çox daha yüksək səviyyələrə də çata bilər.

700 milyon istifadəçisi olan Telegram-ın bu hərraclardan yüksək gəlir əldə edə biləcəyi düşünülür. İstifadəçilər unikal istifadəçi adlarını almaq üçün yüksək məbləğ ödəməlidirlər.

© copyright 2022 | tech.az | info@tech.az