Telegram messencerində Emoji Stake adlı yeni funksiya aşkar edilib. Bu barədə “Kod Durova” nəşri məlumat yayıb. Funksiya hazırda beta rejimindədir və geniş ictimaiyyət üçün hələ açıq deyil.
Emoji Stake mexanizminə görə kazino oyununa bənzəyir. İstifadəçilər TON kriptovalyutası ilə mərc məbləğini seçir və virtual zər atırlar. Oyunda “stri̇k” mexanikası mövcuddur: qələbə seriyası üç oyundan sonra və ya mərc məbləği dəyişdirildikdə sıfırlanır.
Qaydalar belədir:
Zərdə 1-dən 3-ə qədər nəticə düşərsə, istifadəçi uduzur;
- 4 xal — mərci ×1,5 artırır;
- 5 xal — mərci ×2 artırır;
- 6 xal — mərci ×3 artırır;
- Ardıcıl 6 xal — mərci ×6 artırır.
Qeyd olunur ki, bu, hələ test mərhələsidir və reliz versiyasında qazanc əmsalları və şərtlər dəyişə bilər.
Xatırladaq ki, Telegram 2025-ci ilin fevral və may aylarında platformada fəaliyyət göstərən bot-kazinolara qarşı genişmiqyaslı bloklamalar aparmışdı. Milyonlarla auditoriyaya malik iri layihələr də bu məhdudiyyətlərə məruz qalmışdı. Bundan əlavə, casino, freespin, kazino kimi açar sözlər Telegram-ın qlobal axtarışından çıxarılmışdı.
Ekspertlər hesab edirlər ki, messencer mümkün IPO ilə bağlı yayılan şayiələr fonunda tənzimləyicilərin diqqətini minimuma endirmək üçün məzmun moderasiyasını gücləndirir. Bu proses zamanı Rusiyada fəaliyyət göstərən bəzi qanuni oyun və əyləncə xidmətləri də “kölgə ban”a düşüb. Nəticədə analitik platformalar bu kanalları “bukmekerlik” kateqoriyasına aid edir ki, bu da sənaye assosiasiyalarının fikrincə, reallığı əks etdirmir.
Telegram isə yeni Emoji Stake funksiyası ilə bağlı rəsmi açıqlama verməyib.
