Telegram-ın təsisçisi Pavel Durov bildirib ki, proqram üç il əvvəl monetizasiya modelinə keçdikdən sonra ilk dəfə mənfəət əldə edib.
Telegram təsisçisi Pavel Durov bildirib ki, şirkət artıq mənfəətlidir. Durovun sözlərinə görə, 2024-cü ildə mesajlaşma tətbiqinin ümumi gəliri 1 milyard dolları ötüb.
Şirkət 2022-ci ildə premium abunə xidmətini istifadəyə verib və hazırda 12 milyon ödənişli istifadəçiyə malikdir. Durov "Telegram-ın 2024-cü ildə cəmi gəliri 1 milyard dolları keçib və kripto aktivlər istisna olmaqla, ili 500 milyon dollardan çox pul ehtiyatı ilə bağlayırıq" deyib.
Telegram CEO-su payızda şirkətin borc istiqrazlarının əhəmiyyətli bir hissəsini geri ödədiyini də açıqlayıb.
“Son dörd ildə Telegram təxminən 2 milyard dollar dəyərində borc cəlb edib. Bu payızda, Telegram istiqrazları üçün əlverişli qiymətlərdən istifadə edərək, onun əhəmiyyətli bir hissəsini geri ödədik. Lakin qarşıda hələ çox iş var,” Durov X platformasında paylaşım edib.
Bu ilin əvvəlində Financial Times-a verdiyi müsahibədə Durov bildirib ki, şirkət 2025-ci ildə tam mənfəətliliyə çatmağı planlaşdırır və gələcəkdə birjada listinqə çıxmağı hədəfləyir.
950 milyondan çox aylıq aktiv istifadəçisi olan Telegram artıq bizneslər üçün xüsusiyyətlər təqdim edib, reklam gəliri paylaşma xidmətini istifadəyə verib, yaradıcıların kanallarda pullu məzmun vasitəsilə qazanc əldə etməsinə imkan yaradıb və mini tətbiq mağazası istifadəyə verib.
Durovun paylaşımına İlon Mask da təbrik şərhi yazıb.