Az | EN

Tramp Apple rəhbərini ABŞ-nin Yol Təhlükəsizliyi Agentliyinin icraçı direktoru təyin etdi

Nigar Sultanli
13 Fevral 2025 12:38
72 baxış
Tramp Apple rəhbərini ABŞ-nin Yol Təhlükəsizliyi Agentliyinin icraçı direktoru təyin etdi

Donald Tramp Senata təqdim olunan sənədə əsasən, Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) rəhbərlik etməsi üçün Apple şirkətinin rəhbərlərindən biri olan Jonathan Morrison-u seçib. Bu namizədlik əvvəlcə Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsi tərəfindən nəzərdən keçiriləcək və səsverməyə çıxarılacaq. Daha sonra isə Senat səsverməsinə göndəriləcək. Əgər Morrison bu vəzifəyə təsdiqlənsə, o, hazırda İlon Maskın Tesla şirkətini araşdıran agentliyə rəhbərlik edəcək. Nəqliyyat Departamentinin rəhbəri Sean Duffy bildirib ki, bu araşdırmalar davam edəcək.

Morrison son dörd ilini Apple şirkətində işləməklə keçirib. Bundan əvvəl Morrison Trampın ilk prezidentliyi dövründə NHTSA-nın baş hüquq müşaviri vəzifəsində çalışıb. Onun avtomobil sənayesi ilə bağlı təcrübəsi var. O, əvvəllər Auto Advisory Services şirkətinin prezidenti və Kaliforniya Yeni Avtomobil Satıcıları Assosiasiyasında hüquqi və tənzimləmə məsələləri üzrə direktor olub. Morrison-un avtomobil sənayesindəki karyerası Trampın növbəti dörd il üçün nəqliyyat sektoru ilə bağlı planlarına uyğun gələ bilər.

Tramp artıq federal vəsaitlə maliyyələşdirilən elektrik avtomobil (EV) şarj infrastrukturunun inkişafını dayandırmaq üçün icra sərəncamı imzalayıb və avtomatik təcili əyləc sistemləri ilə bağlı yeniləmələri gecikdirib. O, həmçinin Biden dövründə qəbul edilmiş yanacaq səmərəliliyi standartlarını ləğv etməyi, avtonom nəqliyyat vasitələrinin (AV) inkişafı üçün daha asan prosedur yaratmağı və öz-özünə idarə olunan avtomobillərlə bağlı qəza hesabatlarını dayandırmağı planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az