Az | EN

Tramp "Apple"ın Hindistanda iPhone istehsalını artırmasına etiraz edir

Nigar Sultanli
15 May 2025 15:45
53 baxış
Tramp "Apple"ın Hindistanda iPhone istehsalını artırmasına etiraz edir

Tramp, Apple-ın Hindistanda iPhone istehsalını genişləndirmək planlarından narahatlığını ifadə edərək, şirkətə istehsal gücünü yenidən ABŞ-yə yönəltməyə çağırıb. Bu açıqlama Trampın Qətərin paytaxtı Dohada keçirilən biznes sammitində etdiyi çıxış zamanı səsləndirilib.

Tramp bildirib ki, Apple CEO-su Tim Kuk ilə görüş keçirib və ondan Hindistanda yeni istehsal gücləri yaratmaq əvəzinə ABŞ-də istehsalı artırmağı istəyib:
"Mən ona dedim: ‘Tim, sən mənim dostumsan, mən sənə çox yaxşı münasibət göstərmişəm. Deyirlər ki, 500 milyard dollar sərmayə qoyursan, amma indi eşidirəm ki, hər yerdə Hindistanda qurursan. Mən istəmirəm sən Hindistanda qurasan. Əgər Hindistana qulluq etmək istəyirsənsə, edə bilərsən, amma Hindistan dünyanın ən yüksək tarif ölkələrindən biridir’.”

Apple hələlik bu açıqlamalara rəsmi cavab verməyib.

Qeyd edək ki, Apple bu ilin əvvəlində ABŞ-də istehsalı genişləndirmək məqsədilə növbəti dörd il ərzində 500 milyard dollar sərmayə qoyacağını, yeni istehsal müəssisələri açacağını, 20,000-dən çox işçi qəbul edəcəyini və istehsal akademiyası yaradacağını açıqlamışdı.

Trampın açıqlamaları Hindistan hökumətinin Foxconn-un 435 milyon dollarlıq yeni layihəsini təsdiqləməsindən bir gün sonraya təsadüf edir. Bu layihə Hindistanda Apple üçün çip istehsalı zavodunun yaradılmasını nəzərdə tutur. Apple son illərdə Çindən asılılığını azaltmaq üçün Hindistanda istehsalı genişləndirmək istiqamətində addımlar atır.

Apple artıq iPhone istehsalının 20%-ni Hindistanda həyata keçirir. Şirkət 2026-cı ilə qədər ABŞ-də satılan bütün iPhone-ları Hindistanda istehsal edib idxal etməyi planlaşdırır.

Bu gərginlik, Apple-ın qlobal istehsal strategiyasının siyasi təzyiqlərlə necə formalaşdığını bir daha gündəmə gətirir.

© copyright 2022 | tech.az | info@tech.az