İstanbul mərkəzli Cypher Games, Raine Group-un rəhbərlik etdiyi ilkin investisiya turunda 10 milyon dollar investisiya aldı. İnvestisiya turunda həmçinin Play Ventures, 500 Emerging Europe, Candy Crush-ın yaradıcısı King-in qurucusu Rikkardo Zakkoni, Activision Blizzard-ın keçmiş idarə heyətinin sədr müavini və King-in keçmiş idarə heyətinin sədri Humam Sakhnini, Tripledot Studios-un qurucusu Akın Babayiğit və Light & Wonder-in keçmiş CEO-su Barry Kottle də iştirak ediblər.
Cypher Games bu investisiyanı komandasını ikiqat böyütmək və 2025-ci ilin ilk yarısında həyata keçirməyi planlaşdırdığı ilk “match-3” tipli oyunun qlobal lansmanına hazırlıq üçün istifadə etməyi planlaşdırır. Cypher Games-in qurucu ortağı və CEO-su Anıl Şimşek, “Son iki ildir ki, düzgün məhsulu müəyyənləşdirməyə və onu ən yaxşı şəkildə inkişaf etdirməyə diqqət yetirmişik. İndi bu investisiya ilə qlobal bazara çıxışımızı sürətləndirəcəyik” deyib.
Şimşek həmçinin mobil oyun sektorunun böyümə potensialına çox inandıqlarını vurğulayıb. “İstifadəçi gözləntilərinin, texnologiyanın inkişafı və buna bağlı adaptasiya ilə hər gün dəyişdiyinə inanırıq və bu səbəbdən sektor daha çox oyun üçün imkan yaradacaq. İstifadəçilər artıq yalnız hərəkətli, parlaq və əyləncəli dünyalar deyil, eyni zamanda digər istifadəçilərlə qarşılıqlı əlaqədə olmağı da tələb edirlər. Düzgün fikirlər ən yaxşı şəkildə həyata keçirildikdə, uğurun qaçılmaz olduğuna inanırıq” ifadələrini əlavə edib.
Anıl Şimşek oyunlarının istehsal prosesləri haqqında, “Disney-in animasiya studiyası Pixar-dan nümunə alırıq. Mühitlərin canlılığına və oyunçuların bu mühitlərdəki personajlarla qurduqları emosional əlaqəyə böyük önəm veririk. Əsas məqsədimiz, oyunçuların 5-10 il ərzində zövqlə oynaya biləcəyi mobil oyunlar yaratmaqdır. Bu istiqamətdə, gələcək oyunçu gözləntilərini öncədən nəzərə alaraq daha yüksək istehsal keyfiyyəti standartı müəyyən etməyə çalışırıq” dedi.
Raine Group-un qurucu ortağı John Salter, "Cypher-ın son dərəcə istedadlı komandası ilə bu inkişaf prosesində yanlarında olmaqdan böyük həyəcan duyuruq. Oyun sektorundakı təcrübəmizdən və qlobal şəbəkəmizdən istifadə edərək, onların yeni məhsullarının interaktiv əyləncə dünyasında inqilab yaratmasına dəstək olmağı səbirsizliklə gözləyirik" dedi.
Cypher-ın investoru və Tripledot-un qurucu ortağı Akın Babayiğit isə, “Anıl və Cypher komandası indiyə qədər nail olduqları uğurlarla inanılmaz dərəcədə qürur duyuram. Cypher-ın istehsalda mükəmməl keyfiyyətə olan həvəsi və masadakı güclü investor qrupu ilə birlikdə açıldığı bu yeni fürsətlər üçün çox həyəcanlıyam" dedi.
Raine Group, texnologiya və media sahələrində qlobal investisiyalar edən investisiya bankı olaraq dünya üzrə ofisləri olan və sektorda güclü bir oyunçu kimi tanınır.
Cypher Games, daha əvvəl 3,2 milyon dollar investisiya almışdı. Play Ventures-in rəhbərlik etdiyi bu investisiya turunda 500 Global, Finlandiya mərkəzli Next Games, Elite Game Developers-un qurucusu Joakim Achrén və İngiltərə mərkəzli Tripledot Studios-un qurucusu Akın Babayiğit də iştirak etmişdi.