Dünyanın ilk və ən böyük eSIM provayderi olan Airalo CVC Capital Partners-in rəhbərliyi ilə 220 milyon dollarlıq yeni investisiya raundunu başa çatdırdığını elan edib. Yeni investisiya ilə şirkət 1 milyard dollardan artıq dəyərlə qiymətləndirilib və bununla da öz sahəsində ilk "unicorn" statusunu qazanıb.
Airalo-nun xidmətlərindən hal-hazırda 200-dən çox istiqamətdə 20 milyon nəfərdən çox səyahətçi istifadə edir. Şirkət bu yay istifadəyə verəcəyi yenilənmiş mobil tətbiqi və limitsiz data paketləri ilə qlobal rabitə sahəsində yeni standartlar təyin etməyi hədəfləyir. Airalo-nun tətbiqi istifadəçilərə fiziki SIM karta ehtiyac olmadan, sərfəli qiymətlərlə yüksəkkeyfiyyətli rouminq təcrübəsi təqdim edir.
Yeni maliyyələşmə raundunda CVC Asia Fund VI çərçivəsində 185 milyon dollar məbləğində əsas investisiya ilə yanaşı, mövcud investorlar Peak XV və Antler Elevate də iştirak edib. Toplanan vəsait müştəri təcrübəsinin təkmilləşdirilməsinə, yeni məhsulların hazırlanmasına və xidmət dəyərinin artırılmasına yönəldiləcək. Şirkət həmçinin korporativ müştərilər üçün eSIM platforması üzərində işlərini genişləndirəcək.
Airalo-nun təsisçisi və baş direktoru Ahmet Bahadır Özdemir bu nailiyyətlə bağlı bildirib:
"Bu investisiya yalnız Airalo üçün deyil, ümumilikdə qlobal əlaqə sahəsinin gələcəyi üçün mühüm mərhələdir. Biz artıq səyahət üçün eSIM-lərlə kifayətlənmirik – beynəlxalq mobil əlaqənin növbəti nəsli üçün infrastruktur qururuq."
Qeyd edək ki, Airalo-nun qlobal miqyasda genişlənən fəaliyyəti artıq Azərbaycan bazarına da inteqrasiya olunub. Startap Azərbaycan Hava Yolları (AZAL) ilə əməkdaşlıq çərçivəsində rəsmi tərəfdaşlıq quraraq sərnişinlərə Airalo platformasının eSIM xidmətini təqdim edib.
Bununla da Türkiyədə 8 "unicorn" startap olmuş oldu.