Mobil tətbiq analizi və reklam optimallaşdırma həlləri təqdim edən MobileAction, çoxkanallı reklam (omnichannel marketing) platforması Skai-nin (əvvəlki adı ilə Kenshoo) Apple Search Ads bölməsini satın alıb. Satınalma ilə bağlı maliyyə detalları ictimaiyyətə açıqlanmayıb.
2013-cü ildə Aykut Karaalioğlu tərəfindən San-Fransiskoda təsis edilən MobileAction, tətbiq inkişaf etdiricilərə və marketinq mütəxəssislərinə App Store və Google Play Store platformalarında tətbiq görünürlüğünü artırmaq və istifadəçi cəlb etmə strategiyalarını optimallaşdırmaq üçün analitik həllər təqdim edir.
MobileAction-ın bazasında 90 milyondan çox yaradıcı məzmun, 100 mindən artıq yayımçı və 500 mindən çox reklam verən mövcuddur. Şirkət, bu potensialı genişləndirmək üçün Kaliforniyada yerləşən Skai ilə güclərini birləşdirib.
Bu satınalma nəticəsində MobileAction, Skai-nin Apple Search Ads müştəri bazasına çıxış imkanı əldə edəcək. Şirkət, tətbiq inkişaf etdiricilərinə istifadəçi cəlb etmə və inkişaf dövrünün bütün mərhələlərində daha geniş xidmət spektri təqdim etməyi planlaşdırır.
Bundan əlavə, Skai-nin Apple Search Ads komandası, o cümlədən tətbiq marketinqi üzrə təcrübəli mütəxəssislər və müştəri dəstəyi komandası MobileAction-a qoşulacaq. Bu komanda müştərilərə Apple Search Ads səylərini optimallaşdırmaq üçün təkmilləşdirilmiş alətlər, dərin analizlər və yüksək səviyyədə dəstək təqdim edəcək.
Satınalma ilə bağlı açıqlama verən MobileAction-ın təsisçisi və CEO-su Aykut Karaalioğlu, bildirib: "Biz tətbiq inkişaf etdiricilər və marketoloqlar üçün hər mərhələdə onların məqsədlərinə çatmaqlarını təmin edən hərtərəfli bir ekosistem yaradırıq. Bu strateji əməkdaşlıq bizi ən böyük Apple Search Ads tərəfdaşı kimi mövqeləndirir və müştərilərimizə daha innovativ həllər təqdim edərək real inkişaf əldə etməyimizə imkan yaradır.”
MobileAction-ın COO-su Yekta Özcomert isə qeyd edib ki, müştərilər üçün 24/7 dəstək, problemsiz inteqrasiya və davamlı yeniliklər təmin etmək öhdəlikləri davam edəcək:
"Birgə təcrübəmiz genişlənmiş müştəri bazamız üçün təcrübəni tamamilə dəyişdirəcək və sürətlə dəyişən tətbiq marketinq sahəsində daha effektiv və sürətli nəticələr əldə etməyə imkan verəcək.”