Türkiyə Müdafiə Nazirliyinin tədqiqat mərkəzi tərəfindən hazırlanmış ən güclü nüvə olmayan aviabombalar — “Gazap” və “Hayalet” ilk dəfə olaraq ictimaiyyətə təqdim olunub. Hər iki bomba təxminən 970 kiloqram ağırlığındadır və İstanbulda keçirilən “IDEF-2025 Beynəlxalq Müdafiə Sərgisi”ndə nümayiş olunub. Bu barədə Daily Sabah məlumat yayıb.
“Gazap” bombası 1 metr radiusda 10-dan çox partlayıcı parça yayır və əvvəlki oxşar bombalardan üç dəfə daha güclü dağıdıcı təsirə malikdir. Bu bomba F-16 qırıcı təyyarələri üçün nəzərdə tutulub. Rəsmi şəxslərin bildirdiyinə görə, bombanın zərbə gücü artırılıb, partlayış effektivliyi yüksəldilib, sertifikatlaşdırma işləri tamamlanıb və istifadəyə tam hazırdır.
Sərgidə təqdim olunan digər ağır bomba NEB-2 “Hayalet” yeraltı obyektlərə, xüsusilə beton bunker və sığınacaqlara qarşı hazırlanıb. Bu bomba ABŞ-nin standart bombalarının keçə bildiyi 2,4 metr qalınlığında betonu deyil, 7 metr dərinlikdə və üç dəfə möhkəm betonu dağıda bilir.
Sınaqlar zamanı NEB-2 bombası adaya atılıb və 90 metr dərinlikdə çuxur açaraq torpaq sürüşməsi, qaz sızması və iri daşların parçalanmasına səbəb olub. Adətən 25 millisoniya davam edən partlayış müddəti “Hayalet”də 240 millisoniyə qədər artırılıb ki, bu da partlayış gücünün daha da artmasını təmin edir.
Bu yeni bombaların hazırlanması Türkiyənin müdafiə sənayesində böyük irəliləyiş kimi qiymətləndirilir və ölkənin müdafiə qabiliyyətini daha da gücləndirəcək.