Az | EN

Türkiyənin fintech şirkəti 78 milyon dollarlıq investisiya əldə edib

Nigar Sultanli
08 Aprel 2025 15:30
278 baxış
Türkiyənin fintech şirkəti 78 milyon dollarlıq investisiya əldə edib

Türkiyənin “Sipay” maliyyə texnologiyaları (fintech) şirkəti inkişaf etməkdə olan bazarlar üçün “Stripe” kimi fəaliyyət göstərən platforma olaraq tanınır. Şirkət bu günlərdə 78 milyon dollarlıq B mərhələli investisiya raundunu tamamlayıb və bununla da bazar dəyərini 875 milyon dollara çatdırıb.

Tamamilə səhmdar əsaslı bu raund ABŞ mərkəzli “Elephant VC” tərəfindən idarə olunub. Eyni zamanda, “Revolut”un həmtəsisçisi Nik Storonskinin investisiya fondu “QuantumLight” da iştirak edib.

2019-cu ildə təsis edilən Sipay rəqəmsal pul kisəsi, investisiya və mükafat proqramlarını bir arada idarə etməyə imkan verən tətbiq təqdim edir. Bununla yanaşı, şirkət inteqrasiya edilmiş maliyyə xidmətləri, valyuta əməliyyatları və digər məhsullar da təklif edir. Sipay hal-hazırda Visa və Mastercard kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir və Trendyol kimi Türkiyənin aparıcı e-ticarət platformaları ilə çalışır. Platformada 6.3 milyon istifadəçi və 25.000 qeydiyyatdan keçmiş satıcı mövcuddur.

Sipay 2023-cü ildən bəri mənfəətlə işlədiyini və illik gəlirini 5 dəfə artırdığını açıqlayıb. Şirkət ötən ili 600 milyon dollarlıq gəlir göstəricisi ilə başa vurub.

Şirkətin təsisçisi və qlobal CEO-su Nezih Sipahioğlu bildirib ki, “Stripe yalnız bir problemi həll edir, lakin bizim bazarlarımızda hərtərəfli bir fintech həlli yoxdur. Ona görə də biz müxtəlif məhsullar təqdim edirik.”

Sipahioğlu əlavə edib ki, onların təqdim etdiyi xidmətlər “ağ etiketli” (white label) formatda fəaliyyət göstərir – bu o deməkdir ki, istənilən fintech şirkəti öz pul kisəsi və ya kartını Sipay infrastrukturu vasitəsilə buraxa bilər.

Şirkət 2024-cü ilin iyun ayına qədər öz resursları ilə inkişaf etmiş, həmin ay isə “Anfa” liderliyində 15 milyon dollarlıq A mərhələli investisiya raundu həyata keçirmişdi.

“Bazarlar qloballaşdıqca, Sipay-ın sərhədlərarası ödəniş həllərinə yönəlmiş fəaliyyəti beynəlxalq ticarət və böyüməyə töhfə verəcək,” – deyə Elephant VC-dən Peter Fallon qeyd edib.

© copyright 2022 | tech.az | info@tech.az