Uber İstanbul şəhərini öz əməliyyatları üçün strateji qlobal mərkəzə çevirmək niyyətindədir. Şirkət “Uber İstanbul Çatdırılma Mərkəzi” layihəsi çərçivəsində beş il ərzində 200 milyon dollarlıq investisiya yatıracağını açıqlayıb.
Layihənin məqsədi İstanbulda yeni iş modelləri və texnoloji həllər hazırlamaq, onların uğurlu olduğu halda dünya üzrə tətbiqini təmin etməkdir. Bu, Türkiyədə yaradılacaq modellərin gələcəkdə Uber-in qlobal əməliyyatlarına yön verə biləcəyi deməkdir.

Uber-in açıqlamasına görə, İstanbul yaxın illərdə şirkətin innovasiya və loqistika mərkəzi kimi fəaliyyət göstərəcək. Burada həm Uber Eats çatdırılma xidmətlərinin təkmilləşdirilməsi, həm də süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması planlaşdırılır.
Şirkət bu təşəbbüslə həm Türkiyədə yeni iş imkanları yaratmağı, həm də yerli texnologiya ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.
