Uber, Trendyol Go-nun Əksər Səhmlərini Alır: Türkiyə Teslimat Bazarında Böyük Razılaşma
Amerikalı nəqliyyat texnologiyaları nəhəngi Uber, Türkiyənin sürətli çatdırılma xidmətlərindən biri olan Trendyol Gonun əksər səhmlərini satın alıb. Razılaşmanın maliyyə detalları ictimaiyyətlə paylaşılmasa da, tənzimləyici qurumların təsdiqindən sonra yaxın aylarda sövdələşmənin tamamlamağı gözlənilir.
Əldə olunan razılaşmaya əsasən, Trendyol Go platforması mövcud formada fəaliyyətini davam etdirəcək — müştərilərə, satıcılara və kuryelərə xidmət göstərəcək. Növbəti mərhələdə isə Uber, özünün qlobal sürətli çatdırılma xidməti olan Uber Eatsin qabaqcıl funksiyalarını Trendyol Go üzərindən təqdim etməyə başlayacaq.
Hazırda Trendyol Go, bütün Türkiyə üzrə 19 min kuryeyə və 90 mindən çox market və restorana xidmət göstərir. Bu geniş şəbəkə Uber üçün regionda sürətli böyümə üçün əlverişli zəmin yaradır.
Trendyol Qrupunun rəhbəri Çağlayan Çətin razılaşmanı belə dəyərləndirib:
“Qlobal e-ticarət arenasında fəal iştirak edən bir şirkət olaraq, biz müştərilərimizə mükəmməl alış-veriş təcrübəsi təqdim etməyə, kiçik sahibkarların və istehsalçılarımızın işlərini böyütmələrinə dəstək olmağa və ölkəmizin iqtisadi inkişafına töhfə verməyə çalışırıq. İnanırıq ki, Trendyol Go bu yeni strukturu ilə daha da güclənərək yoluna davam edəcək.”
Çətin həmçinin bu razılaşmanı Türkiyə texnologiya və e-ticarət sektorlarının, eləcə də ümumilikdə iqtisadiyyatının gücünün bir sübutu kimi təqdim edib:
“Trendyol olaraq ölkəmizə yatırımlarımızı davam etdirəcəyik və gələcəkdə yarana biləcək yeni böyümə imkanlarını da dəyərləndirəcəyik.”
Uber-in baş direktoru Dara Khosrowshahi isə bu əməkdaşlığı Türkiyə bazarına uzunmüddətli öhdəlik olaraq xarakterizə edib:
“Uber və Trendyol Go-nun birləşməsi ilə biz Türkiyədə çatdırılma sektorunu daha da inkişaf etdirmək istəyirik — bu həm müştərilər, həm kuryelər, həm də xüsusilə kiçik və ailəvi sahibkarlıqla məşğul olan restoranlar və marketlər üçün əhəmiyyətlidir. Trendyol Go komandasının indiyədək əldə etdiyi uğurlardan çox təsirləndik və bu artım tempini bütün ölkə üzrə davam etdirmək bizi həyəcanlandırır.”
Bu razılaşma Uber üçün təkcə Türkiyədə deyil, regionda daha geniş fəaliyyət imkanları yaratmaq baxımından da strateji əhəmiyyət daşıyır.