Sosial şəbəkələrdə Google-un yeni nəsil süni intellekt video generatoru Veo 3 ilə hazırlanan videolar “virus kimi” yayılmağa başlayıb. Bu alqoritm təhlükəsizlik kameralarının çəkiliş üslubunda real səhnələr yaradır – məsələn, evin qarşısında tullanaraq əylənən yenotlar və ya leopardla pişiyin qarşılaşması.
İyulun sonunda “Instagram”da yayımlanan və evin qarşısındakı təhlükəsizlik kamerası tərəfindən çəkilmiş kimi görünən pişik və leopard videosu bir həftəyə 120 milyon baxış toplayaraq trendlərə düşüb.
Veo 3 süni intellekti səsli və realistik videolar yaratmaq qabiliyyətinə malikdir. Alətə yalnız Pro ($20) və Ultra ($125) paketləri ilə abunə olan istifadəçilər çıxış əldə edə bilirlər. Videoların yaradılması üçün istifadəçilər xüsusi promptlar (səhnə təsvirləri) yazır, bəzi hallarda isə bu istəklər texniki detallarla zəngin JSON formatında təqdim olunur.
Bu tendensiya fonunda istifadəçilər daha çox heyvan səhnələri yaradaraq həm hiperrealistik, həm də yumorlu videolar paylaşırlar. Bütün bu proses, süni intellektin yaradıcı potensialının sosial mediada necə sürətlə yayıldığını və fərdi istifadəçilər tərəfindən necə geniş istifadə olunduğunu bir daha nümayiş etdirir.